"Bayrağımız hər bir yüksəklikdə, zirvədə dalğalanır" - Mahir Abbaszadə

Prezident İlham Əliyevin dövlət bayrağımız haqqında dediyi “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” ifadəsi bayrağımızın ölkəmiz üçün əhəmiyyətini nümayiş etdirir.  

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bu tarix hər birimiz üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biridir. Çünki Vətənini sevən hər bir vətəndaşımıza üçrəngli bayrağımızın zirvələrdə dalğalanaması, beynəlxalq təbirlərdə, idman yarışlarında ilk sıralarda olması qürur, sevinc verir. 

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılıb və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan edib.  1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

Dövlət bayrağı haqqında qəbul edilmiş normativ hüquqi aktlar Dövlət bayrağına hörmətlə yanaşılmasını, bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin bayrağımıza hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görülməsini özündə əks etdirir. 

Hər bir Azərbaycan gənci bayrağımızı zirvələrə qaldırmaq, onun daim dalğalanması üçün siyasi, mədəni, idman sahəsində mübarizə aparıb. Azərbaycan gəncinin ən böyük mübarizəsinə isə 27 sentyabr 2020-ci ildə Vətən müharibəsində şahid olduq. Preizdent, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad etdi. Artıq üçrəngli şanlı bayrağımız işğaldan azad olunmuş ərazilərdə, orda olan hər bir yüksəklikdə, zirvədə dalğalanır. Bu il ikinci dəfədir ki, Dövlət Bayrağı gününü Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Qubadlıda və digər yerlərdə dalğalanan Azərbaycan bayraqları ilə qeyd edirik. Dövlətimizin başçısının gücü, siyasi iradəsi nəticəsində bayrağımız hər bir tribunada qürurla dalğalanır. 

Bayrağını sevən və onun üçün mübarizə aparan hər bir kəsi Dövlət Bayrağı günü münasibəti ilə təbrik edirəm.

Mahir Abbaszadə

Milli Məclisin deputatı