Ümummilli liderimiz tərəfindən ucaldılan üç rəngli bayrağımız bu gün Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanmaqdadır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Artıq 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən zala gətirilərək ucaldıldı. Beləliklə görkəmli dövlət xadimi Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üç rəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çevirdi. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olundu. 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzinə çevrilib. Üçrəngli, Ay- ulduzlu bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda şanlı mübarizə yollarından keçmişdir. Minlərlə Vətən övladının qanı-canı bahasına başa gəlmiş, xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bu günədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şanlı şahididir. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir və həm də dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev öz çıxışlarında demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Qəhrəman xalqımız Ümummilli liderimizin bu şüarını rəhbər tutaraq 44 günlük Vətən müharibəsində üç rəngli bayraq altında bir yumruq kimi birləşdi. 44 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız “Təki Vətən sağ olsun"- deyib mübarizəyə qoşuldu. Yenilməz Ordumuz şəhərbəşəhər, kəndbəkənd irəlilədikcə işğaldan azad etdikləri məntəqələrin ən uca nöqtələrinə bayrağımızı sancdılar. 

Artıq Müqəddəs bayrağımız düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə, əzəli torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda,Ağdamda,Laçında,Kəlbəcərdə, Hadrutda, Suqovuşanda, Şuşada, digər kənd və qəsəbələrimizdə qürurla dalğalanmaqdadır. Cənab Prezidentimiz hər zaman çıxışlarında qeyd edirdi ki, “bizim bayrağımız Azərbaycanın hər bir guşəsində, hər şəhər və rayonumuzda, o cümlədən Şuşada dalğalanacaqdır”. Bəli,biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, 180-dən çox dövlətin bayraqları ilə bir sırada dalğalanan Azərbaycan bayrağı Yenilməz ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində əzəmətlə dalğalanır. Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi. Bu gün Qələbə, Zəfər işığına bürünən Azərbaycan öz əziz bayramını - Dövlət Bayrağı Günü ərəfəsində yüksək nailiyyətlərlə qeyd edir. Bu möhtəşəm bayram günündə iftixar hissi keçiririk ki, Ümumilli liderimiz tərəfindən Naxçıvanda ucaldılan üçrəngli bayrağımız bu gün bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır və bundan sonra da əbədi olaraq dalğalanacaqdır.

 

Fidan Hüseynova,

YAP Quba rayon təşkilatının sədri