Son 5-6 ildə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb.
sabahinfo.az bildirir ki, Bakı Şəhər Təhsil İdarəsindən anspress-ə verilən məlumata görə, evində rusca danışmayan ailələrin də övladlarını rus məktəblərinə verməsi bu sahədə problemlər yaradır və paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Əgər məktəblərin Azərbaycan bölmələrində bir sinifdə 23-24 şagird olursa, rus bölmələrində şagird sayı 40-a çatır. Bakı şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdə 355247 nəfər şagird var və onların 55775 nəfəri, yəni 15,7 faizi rus bölməsində oxuyur. Birinci siniflərdə isə vəziyyət daha gərgindir, 44168 nəfər şagirdin 7666 nəfəri, yəni 17,4%-i rus bölməsində oxuyur. Göründüyü kimi, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər yüksəkdir.
"Bakının elit məktəblərinə qəbulda rus bölməsinin payı 51,5% təşkil edib"
Azərbaycan üzrə də rəqəmlər təxminən buna uyğundur. Ölkənin rus bölməsi mövcud olan 300-ə yaxın ümumtəhsil məktəbinini rus bölməsində 170 minə yaxın şagird oxuyur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə ciddi artım yarandığını görmək olur. 1990-cı illərin sonlarında rus bölməsində 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7%-ə çatırdı.
Məlahət Mürşüdlünün sözlərinə görə, ailələri rus dilində təhsilə meylləndirən əsas səbəblərdin biri rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlıdır: "Rus bölməsinin müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər. Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurrikulum və s. kimi yenilikləri mənimsəməkdə çətinlik çəkirlər. Həm də Rusiya ilə əlaqələr artıqca rus dilinə ehtiyac da artır".
"Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq"
Bakı Şəhər Təhsil İdarəsi bu məsələyə maksimum şəkildə mane olmağa çalışır. Məktəblərdə xüsusi komissiya yaradılıb və rus dilini bilməyən uşaqlar avtomatik olaraq Azərbaycan bölmələrinə göndərilir. Azərbaycanın kəndlərindən gəlmiş valideynlər isə övladlarını rus məktəblərinə yerləşdirmək üçün hər cür üsullara əl atırlar. Bəziləri bir ildən sonra Rusiyaya köçəcəklərini iddia edirlər və s.
Təbii ki, onlara məntiqli cavablar verilir. Amma nəyin bahasına olursa-olsun övladına rus dili öyrətmək istəyən valideynlər uşaqlarına kiçik yaşlarından rus dili öyrətməyə çalışırlar, onları rusdilli bağçalara qoyurlar. Bunun nəticəsidir ki, Bakıdakı özəl bağçalarda Azərbaycan bölməsini bitirənlərə yer tapılmır. Valideynlər bağçaya ayda 400 manata qədər xərcləyərək uşaqlarının rus dilini öyrənməsinə çalışırlar.
"Hər bir kəs məktəbini bitirdiyi millətin övladıdır"
Hər halda, bu, külli miqdarda vəsait xərcləyərək şagirdə yarımçıq rus dili öyrətmək naminə onu Azərbaycan mədəniyyətindən uzaq salmaqdan yaxşıdır. Sirr deyil ki, indi Azərbaycanda rus bölməsini bitirənlərin əksəriyyəti rusca normal danışa bilmirlər. Rusca akademik səviyyədə bilməyən bu şagirdlərin əksəriyyəti digər fənləri də öyrənə bilmirlər. Yəni valideynlər külli miqdarda vəsait xərcləyərək həm də övladlarını savadsızlaşdırırlar. Nəticədə, rus bölmələrinin məzunları Rusiya bazarları üçün potensial ucuz işçi qüvvəsinə çevrilirlər.
Bu məsələnin mənəvi tərəfi də var. Rusiya milli fikrinin atalarından biri Nikolay Çernışevski bildirirdi ki, hər bir kəs məktəbini bitirdiyi millətin övladıdır. Volqaboyunun və Sibirin bir çox türk və uqor xalqlarının taleyi bu böyük alimin dediklərini təsdiqlədi. Azərbaycanlılar da eyni yolla gedə bilərlər. Bizdə rus bölməsini bitirənlərin payı artdıqca gələcəkdə ölkəni iki yol ayrıcında qoya bilərlər: ya Rusiyaya miqrasiya edərək Azərbaycanı demoqrafik problemə sala bilərlər, ya da güclərinə inamları çatsa, Azərbaycanı Rusiyaya çevirə bilərlər. Hər iki variantda da ölkənin gələcəyi üçün faciə vəd edilir və təhsil sektorunu idarə edənlər buna diqqət yetirməlidirlər.