Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətindən çıxarıla bilər

Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet respublikalarının öz ölkəsinin ərazisi olduğunu dedi. Bunan əvvəl isə, Putin Azərbaycanın ABŞ-ın kəşfiyyat orqanları vasitəsilə Rusiyaya qarşı təxribat törətməkdə ittiham edib. Təbii ki, Kreml başçısının fikirləri birmənalı qarşılanmır. Bu, İran – "Altılıq” anlaşmasından sonra bölgədə cərəyan edən proseslərin Rusiya əleyhinə yönəlməsindən xəbər verir.

Ukraynada nə baş verir?

Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra başlayan gərgin prosesləri, təkcə Kremlin adına yazmaq doğru deyil. Bu, imperialistlərin mövqe savaşının nəticəsidir. Rusiya və Qərb burada əsas məsuliyyət daşıyan tərəflərdir. Proseslər başlamamışdan əvvəl Rusiyanın Krıma girəcəyi dəqiq idi. Belə də oldu. ABŞ-ın səylərinə baxmayaraq, rus qoşunlarını yarımadadan çıxarmaq mümkün deyil. Çünki Rusiyanın atdığı addım Ukraynaya yox, ABŞ-a qarşıdır. Rusiya hazırladığı planı hadisələrin həm isti, həm də "soyuq müharibə” ehtimalları üzərində qurub. Putinin ABŞ əleyhdarı olan Argentina hökumətilə 2 milyard dollarlıq nüvə və ticarət sazişi imzalaması birmənalı deyil. Bu Moskvanın Vaşinqtonun qarşısından çəkilmək niyyətində olmadığını göstərir. Rusiyanın Latın Amerikasında möhkəmlənmək cəhdləri, qarşıdurma vəziyyətində ABŞ-a daha yaxın olmaq mənasını da daşıyır. Putinin İrana satılan "S-300” Zenit-raket kompleksinə qoyulmuş qadağanı ləğv etməsi, etirazlara baxmayaraq Suriya rejiminə "S-300” raketlərini satması, Belarusiyada raketdən müdafiə sistemlərinin quraşdırması, həmçinin Venesuela ilə 4 milyard dollarlıq silah satışına dair imzalanmış sənəd eyni məntiqdir. Amerikan imperializminin İkinci Dünya Müharibəsindən sonra elan etdiyi "Çəpərləmə doktrinası”na cavab olaraq, Rusiya nüfuz dairəsini həm də Latın Amerikasında genişlədirməyə çalışır.

Fransa və Almaniyanın ikili oyunu

Putinin aqressiv ritorikası qarşısında amerikan diplomatiyası daha təmkinlidir. İstənilən halda Vaşinqton Moskvaya "rus dili”ndə cavab qaytarmaq niyyətində görünmür. "Yumşaq güc siyasəti”nə üstünlük verən Ağ Ev Rusiyanı daxildən çökdürmək istəyir. Keçən 1 il ərzində tətbiq edilən sanksiyalara və neftin ucuzlaşmasına görə, 400 milyard dollar itirən Rusiyanın bu itkilərini kompensasiya etmək üçün alternativ variantı yoxdur. Vaşinqtonun təmkini və sakit-sakit öz işini görməsi, Moskvanı əsəbləşdirir. Ağ Evin Rusiyanın Latın Amerikası və Şərqi Avropada yaratdığı hərəkətlənməyə səssiz qalması, yəni təhdid dili ilə danışmaması Moskva üçün fəlakətdən əvvəl səssizlik kimi qiymətləndirilir. Halbuki Qərbin bəzi siyasi dairələrində Rusiyanın Amerika ətrafında etdiyi manevrlər isti müharibə mesajı kimi dəyərləndirilir. Lakin Obama bunun Putinin "nəbz yoxlaması” olduğunu bilir. Amma baş verənlər istənilən halda iki imperialist gücü qarşı-qarşıyadır. Rusiya açıq formada ABŞ-a dünyanın ikinci siyasi qütbü olduğunu bildirib. Bunu Ağ Evə qəbul etdirmək üçün Çin, Hindistan, Braziliya və Pakistan kimi böyük gücləri tərəfinə çəkməyə çalışır. Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən zirvəsində Putin bunu dolayı yolla dilə gətirdi. Moskva işi sistemli formada qurmaq üçün Avropa İttifaqı və ABŞ arasında gərginlik yaratmağın yollarını da axtarır. Son bir neçə ildə Fransa və Almaniyada Aİ daxilində mərkəzdənqaçma meyillərinin güclənməsini nəzərə alsaq, Rusiyanın qurum daxilində çat yaratdığını demək olar. ABŞ-ın iqtisadi embarqolarına qarşı etiraz edən Paris və Berlin ölkələrinin iqtisadi təhlükəsizliyi üçün ucuz və keyfiyyətli bazar olan Rusiyanı əldən buraxmaq istəmirlər. Lakin yaranmış siyasi blokların son anda hansı tərəfdə iştirak edəcəyini birmənalı demək tezdir. Tarixdən də məlumdur ki, zaman-zaman yaranmış bu cür qruplaşmalar qlobal poseslərin yönünü dəyişdirmək iqtidarında olan gücün yanında olurlar.

Ağ Evin "təhlükəli düşmən doktrinası”

Rus imperializminin çiçəklənməsi beynəlxalq güc tarazlığını pozdu. Lakin Rusiyanın qarşısında ABŞ kimi nəhəng qüvvə olduğu faktını da unutmaq lazım deyil. İndiki halda hansı tərəfin üstün olduğunu demək məntiqli deyil. Məsələni hərbi qarşıdurma nöqteyi-nəzərindən dəyərləndirsək, hər iki dövlət nüvə arsenalına sahibdir. Lakin iqtisadi inkişaf amilində ABŞ Rusiyanı bir neçə dəfə üstələyir. Amma Moskvanın hərbi dili və yeni ərazilər işğal etmək ehtirasları onu Vaşinqton üçün təhlükəli düşmənə çevirir. ABŞ da bunu nəzərə alaraq, Rusiyanın dünyadan təcrid edilməsi siyasətindən əl çəkə bilər. Çünki o bir dəfə bunu Koreya müharibəsində edərək, özünə Şimali Koreya kimi qapalı düşmən qazanıb. İkinci belə təhlükə onun üçün əlavə və təhlükəli baş ağrısı olardı. Amma ABŞ Rusiyanı "təhlükəli düşmən” qismində qabağa çəkməklə orta gücdə olan – Çin, Hindistan, Pakistan, Almaniya və Fransa kimi rəqiblərinin meydanda manevr imkanlarını məhdudlaşdırdı. Bu, Vaşinqtonun istədiyi və planlaşdırdığı ssenaridir. Məsələn, Çinin Ukrayna məsələsində özünü bitərəf elan etməsi, Aİ daxilində ABŞ-ın yürütdü siyasətə qarşı çıxan Fransa və Almaniyanın Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edilməsi bu qəbildəndir. Lakin bir yandan da Rusiyanı açıq şəkildə "düşmən” elan etmək siyasətini dəstəkləmirlər, məsələnin cavabını diplomatik masa arxasında tapılmasına çalışırlar. Bir neçə ay əvvəl Almaniyanın təşəbbüsü ilə "Normand dördlüyü”nün Minskdə görüşünün keçirilməsini vurğulamaq lazımdır. Qərbi Avropanın bu səyləri – Amerikanın hegemoniyasından məmnun olmamaq istəyindən, Rusiyayla olan iqtisadi əlaqələri təhlükəyə soxmaq, eyni zamanda ehtimal edilən ABŞ-Rusiya müharibəsinin Avropada baş verməsi qorxusundan irəli gəlir.

Moskvanın Azərbaycana qarşı aqressiv ritorikası nəyə hesablanıb?

İranın Qərblə anlaşmasından sonra bölgədə vəziyyət yenidən gərginləşib. İranın Qərblə yaxınlaşması, Ankara və Moskva arasındakı gərginlik Rusiyanın bölgədəki mövqelərində boşluqlar yaratdı. Həmin boşluqlarda ABŞ-ın möhkəmlənmək qorxusunu nəzərə alaraq, Rusiya Cənubi Qafqazda Ermənistan-Azərbaycan müharibəsini qızışdıra bilər. Məsələn son çıxışında Putin 2000-ci illərin əvvəllərində ABŞ kəşfiyyatının Azərbaycandakı nümayəndələrinin Şimali Qafqazdakı terrorçularla təmasda olduğunu bəyan edib. Kreml başçısı bununla açıq şəkildə Rusiyanın Cənubi Qafqazdakı müttəfiqinin Ermənistan olduğunu və müharibə vəziyyətində də bu ölkəni dəstəkləyəcəyi mesajını verdi. Türkiyənin NATO üzvü olduğunu, Avropa İttifaqına daxil olmağa hazırlaşdığını, İranın Qərbə yaxınlaşdığını nəzərə alsaq, Moskva ABŞ-ın Azərbaycanda möhkəmlənməsindən də narahatdır. Ona görə də, Rusiyanın bölgədə varlığını davam etdirmək üçün ən optimal variant Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqdır. Putinin həmçinin bütün keçmiş Sovet respublikalarını "Rusiyanın əraziləri” adlandırmasını da bu qəbildən saymaq olar. Son bir həftədə Moskvadan Azərbaycana qarşı işlədilən ikili ifadələr və Ermənistanın Rusiyanın bölgədəki əsas müttəfiqi kimi şişirdilməsi, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdən çıxarmaq təhlükəsini yaradır. Lakin Türkiyə və Qərbin Dağlıq Qarabağ məsələsinə fərqli mövqelərini nəzərə alsaq, Rusiyanın bu planı baş tutsa da, o qədər də effekt verməyə bilər. Bu barədə mövzunu növbəti yazımızda araşdırmağa çalışacağıq.

Mənsur Rəğbətoğlu