Dünya Bankının maliyyələşdirdiyi yollar layihəsi ilə bağlı mediada yayılan məlumatlarına cavab olaraq qurum məsələyə aydınlıq gətirib.
sabahinfo.az-ın məlumatına görə, Dünya Bankı bəyan edib ki, Həyati Əhəmiyyətli Nəqliyyat Xətlərinin Təkmilləşdirilməsi layihəsi yalnız Ermənistan daxili həyati əhəmiyyətli yollarının bərpasını maliyyələşdirir.
"2009-cu ildə başlayan və Dünya Bankı tərəfindən maliyyələşdiriln Həyati Əhəmiyyətli Nəqliyyat Xətlərinin Təkmilləşdirilməsi Layihəsinin (LRNIP) əsas məqsədi 350 km uzunluğunda olan həyati əhəmiyyətli yolların bərpası sayəsində Ermənistanın kənd yerlərində yaşayan sakinləri üçün bazarlara və sosial xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasıdır.
Layihənin ümumi məbləği 101.6 milyon ABŞ dollarıdır və bu layihə üçün Bank tərəfindən verilən son maliyyələşdirilmə 2015-ci ilin iyul ayında İdarə Heyəti tərəfindən təsdiq edilmiş 40 milyon ABŞ dolları məbləğində verilən əlavə maliyyə vəsaiti olub”, məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatı Dünya Bankının Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonuna yol çəkilməsinə vəsait ayırdığı barədə xəbər yaymışdı.