Bəşəri dəyərlərə söykənən addım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi ilə qardaş ölkə Türkiyədəki zəlzələ bölgəsinə göndərilən humanitar yardımlar olduqca mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan zəlzələnin baş verdiyi ilk dəqiqələrdən Türkiyəyə həm mənəvi, həm də maddi dəstəyini göstərib. Bütün dünya iki qardaş ölkə arasındakı bu münasibətləri, təmənnasız dəstəyi parlaq nümunə kimi qəbul edir. Hər bir insan, ölkə çətinliklə üzləşəndə özünə dost, qardaş saydığı ölkələrə güvənir, onlardan kömək, yardım gözləyir. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Türkiyəyə necə güvənirdisə, bu gün qardaş ölkəmiz də bizə eyni dərəcədə inanır, arxalanır.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın qardaş ölkə üçün bütün imkanları səfərbər edərək yardım göndərməsi qardaş gözləntisinin qarşılanması baxımından əhəmiyyətlidir. Şübhəsiz ki, bu ağır tarixi məqamda Mehriban xanım Əliyevanın ortaya qoyduğu böyük humanist mövqe, onun bilavasitə göstərişi ilə toplanan və göndərilən yardımlar Türkiyə-Azərbaycan qardaşlığının əbədi səhifələrindən birinə çevriləcək.

Deputat qeyd edib ki, Mehriban xanım Əliyevanın bu humanist addımının əsasında onun xalq sevgisi, vətənpərvərliyi, bəşəri ideallara sadiqliyi, zərif humanizmi dayanır. Bu gün Mehriban xanım özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır. Həmçinin biz onun simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürük. Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım təşəbbüsünün əsasında həm də, bəşəri ideallara sadiqliyik dayanır.

“Millətimizin qardaşlığının və qarşılıqlı dayanışmasının başqa bir şanlı səhifəsini isə Mehriban xanım Əliyevanın öz instaqram səhifəsindən xalqımıza ünvanladığı müraciət təşkil edir. Bu müraciətində ölkənin birinci xanımı xalqımızın öz tarixi ənənələrinə, humanist dəyərlərimizə sadiq qaldığını vurğulayaraq qardaş ölkəyə bütün səviyyələrdə yardım təşkil etdiyinə görə təşəkkür edir və öz xalqı ilə qürur duyduğunu bildirir. Hər bir azərbaycanlının ürəyini riqqətə gətirən bu fikirlər təkcə Türkiyəyə yardım hadisəsi deyil, həm də xalqımızın birliyi, həmrəyliyi, milli maraqlarımız üçün səfərbər olmağı bacarması və uzun illərdir ki, Mehriban xanım Əliyevanın təbliğ etdiyi humanist dəyərlərimizin ümummilli təntənəsinin ifadəsidir. Mehriban Əliyeva bu humanistliyi ilə həm də türk dünyasının yeni tarixinə düşmüş olacaq. Türk dünyasının birliyi istiqamətində Mehriban xanımın gördüyü işlər hər bir türk xanımı üçün nümunə olmalıdır”, - deyə İltizam Yusifov vurğulayıb.