Beynəlxalq hüquq yalnız ölkəmizin hərbi qüdrəti hesabına bərpa edilə bilərdi  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında xüsusi olaraq vurğulamışdır ki, 30 il davam edən silahlı münaqişəyə ölkəmiz öz gücü hesabına son qoymuşdur. Uzun müddət ərzində beynəlxalq təhlükəsizliyə təhdid yaradan, çoxsaylı beynəlxalq cinayətlər – soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən Ermənistanın beynəlxalq hüquqa zidd olan təcavüzünə döyüş meydanında son qoyularaq, düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Tarixi Zəfər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən hərbi-siyası strategiyanın nəticəsi olmuşdur.

BMT-nin keçən əsrin sonlarında Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə birmənalı olaraq, ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilsədə, erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tamanilə çıxarılması tələbi əksini tapsada, bu sənədlər icra olunmayaraq yalnız kağız üzərində qaldı.

Azərbaycan artıq tarixə qovuşan münaqişənin dinc diplomatik yollarla, danışıqlar masası arxasında həll edilməsinin tərəfdarı olsa da, beynəlxalq səviyyədə və ilk növbədə ATƏT-in Minsk qrupu tərəfindən heç bir əməli fəaliyyət nümayiş etdirilmədi. Hətta 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin əleyhinə səs vermişlər. Halbuki həmin sənəddə Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi, heç bir dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması və belə vəziyyətin davam etməsinə səy göstərilməməsi və s. mühüm məsələlər əksini tapmışdır.

Bu cür selektiv yanaşma dövlətimiz tərəfindən beynəlxalq hüquqa əsaslanan qətiyyətli cavab tələb etdi. Ölkəmizin Silahlı Qüvvələri döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək, beynəlxalq hüququn fundamental normaları və prinsiplərini bərpa etdi və sübut etdi ki, Azərbaycan güclü dövlətdir və beynəlxalq münasibətlərdə ciddi söz sahibidir.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü