“Bu gün Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanmasına əvvəlki dövrlərlə müqayisədə daha yaxın olduğu da danılmaz faktdır. Lakin bütün bunlar Azərbaycan xalqının tarix boyu üzləşdiyi erməni vəhşiliklərini unudacağı anlamına gəlmir. Erməni millətçilərinin tarix boyu xalqımıza qarşı törətdikləri ağır cinayətlər sırasında 1918-ci ilin mart-aprel aylarında həyata keçirilmiş soyqırımı hadisələri xüsusi yer tutur. Həmin qırğınlar zamanı qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə Bakı Soveti qoşunları və erməni daşnak silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz doğma torpaqlarından zorla didərgin salınmışdır. Bu hadisələr zamanı yalnız azərbaycanlılar deyil, eyni zamanda minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni silahlı dəstələrinin hücumlarının qurbanı olmuş, qılıncdan və süngüdən keçirilmiş, diri-diri yandırılmışdır.”
Bu fikirləri 31 Mart soyqırımı faciəsinin 108-ci ildönümü ilə bağlı aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov ifadə edib.
Deputat fikirlərini davam etdirərək bildirib ki, bütün bu qanlı hadisələrdə “Daşnaksutyun” partiyasının iştirakı vəaparıcı rolu danılmaz faktdır: “Tarixi mənbələr göstərir ki, dinc əhaliyə qarşı törədilən qırğınlarda Bakı Sovetinin 6 minə yaxın silahlı əsgəri ilə yanaşı, ifrat millətçi daşnakpartiyasının təxminən 4 min nəfərlik silahlı dəstəsi də iştirak etmişdir. 1918-ci ilin mart-aprel hadisələri həm miqyasına, həm də xüsusi qəddarlığına görə dünya tarixində baş vermiş ən ağır qətliamlardan biri kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Şamaxı hadisələri ilə bağlı ilkin mənbələrin böyük bir hissəsi məhv edildiyi üçün həmin istiqamətdə araşdırmalar bu gün də davam etdirilir. Məhz bu səbəbdən ermənilərin törətdiyi cinayətlərin tam miqyasının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar hələ də davam edir. Lakin artıq məlum olan faktlar belə göstərir ki, Azərbaycan tarixində “31 Mart qırğınları” kimi tanınan bu faciə XX əsrin ən qanlı insanlıq əleyhinə cinayətlərindən biridir. Sovet dönəmində bu mövzu uzun illər qadağalar altında gizli saxlanıldı. 31 Mart soyqırımı faciəsinin hərtərəfli araşdırılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə atıldı. 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Həmin Fərmanın icrasının təmin edilməsi məqsədilə 30 mart 1999-cu il tarixində təsdiq edilmiş tədbirlər planı isə bu istiqamətdə həyata keçirilən fəaliyyətin sistemli şəkildə təşkilinə imkan yaratdı.
Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti beynəlxalq platformalarda bu faciə ilə bağlı həqiqətləri ardıcıl şəkildə təqdim edir.
Beynəlxalq hüquqa əsasən soyqırımı ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur və sülhə, bəşəriyyətin təhlükəsizliyinə qarşı yönəlmiş əməllər sırasına daxildir. Bu cinayətin hüquqi əsasları BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən edilmişdir. Bu sənəddə sadalanan əməllərin demək olar ki, hamısı 1918-ci ilin mart hadisələri zamanı erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və bu baxımdan həmin hadisələr hüquqi baxımdan tam əsaslarla soyqırımı kimi qiymətləndirilməlidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.