Beynəlxalq münasibətlərdə qazanılan uğur

“Rumıniya Azərbaycan münasibətləri müxtəlif sahələri əhatə edir ki, mövcud geosiyasi proseslərdə bu münasibətlər mühüm rol oynayır”.

Bunu YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində Rumıniyanın verdiyi siyasi dəstək bu gün artıq stateji əməkdaşlıq səviyyəsindədir: “Azərbaycanın enerji sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə dostlarının sayının artmasına səbəb olub. Rumıniya bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. Bu ölkə Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirir. Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində ən çox dəstək verən ölkələrdən biri Rumıniyadır. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qaldırılıb. İndi Azərbaycan Rumıniyaya yalnız neft tədarük etmir, mavi yanacağın Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparır. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlər gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanlar var. Biz Rumıniya ilə həm də kənd təsərrüfatı, İKT, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək sahələr üzrə əməkdaşlığı genişləndiririk. Azərbaycan–Rumıniya əməkdaşlığı Azərbaycan-Avropa münasibətlərinin inkişafına ciddi töhfə verəcək”.