Azərbaycan siyasi arenasında həm üzvlərinin sayı, həm qazandığı qələbələr, həm beynəlxalq əlaqələr baxımından Yeni Azərbaycan Partiyasına alternativ yoxdur. Zaman keçdikcə partiyanın cəmiyyətdə yeri və rolu artır və hakim partiya kimi YAP yeni-yeni uğurlara imza atır. Əldə olunan qələbələr isə əbəs yerə deyil. Bu qələbələr zəngin əmək və yorulmaz fəaliyyətin təcəssümüdür.
90-cı illərin çətin siyasi situasiyasında yaranan partiyanın bir amalı var idi. Azərbaycanı böhranlı vəziyyətdən çıxarmaq, ölkənin parçalanmasının qarşısını almaq və Azərbaycanın dirçəlməsini təmin etmək.
O zaman ölkə ziyalıları ulu öndər Heydər Əliyevin ətrafında birləşdilər.91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi.1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində,bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları,tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndər Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi, həyata vəsiqə aldı.
YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsasına çevirdi. Sözlə əməl birliyi, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. O tarixi hadisədən ötən 33 il Yeni Azərbaycan Partiyasının həyatında xalqa, dövlətə və dövlətçiliyə xidmət kimi səciyyələnir. Eyni zamanda, 33 ilin təcrübəsinə əsaslanaraq bu reallığı da böyük fəxr hissi ilə qeyd edirik ki, ötən müddət ərzində Azərbaycan dövləti qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır. Təbii ki, bu uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 22 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
2021-ci il martin 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı isə partiya idarəçiliyində yenilənmə, çoxsaylı islahatlar və innovativ yanaşmalar dövrünün əsasını qoydu. Bu qurultayda yeni Proqram və Nizamnamə təsdiqləndi, idarəetmə strukturu təkmilləşdirildi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi.
Daim peşəkarlıq, məsuliyyət, sağlam rəqabət və etik davranış meyarlarına söykənən partiyada müasir yanaşmalar, innovativ düşüncə və elmi əsaslı idarəçilik modeli uğurun təməl prinsipidir. Bu prinsiplər YAP-ın yeni dövrün tələblərinə çevik uyğunlaşmasını təmin edir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı