Birlik şüarının simvolik günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırar, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verərdi. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə təkan verdi. Biz Dünya Azərbaycanlıların həmrəyliyini 2020-ci ildə 44 günlük Vətən Müharibəsundə şahidi olduq. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, Dəmir Yumruq ətrafında sıx birləşdilər. Cəbhədən gələn xoş qələbə xəbərləri, ərazilərimizin erməni işğalından azad olunması həmvətənlərimizi daha da ruhlandırdı.

Cənab Prezidentin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi. Bu gün qarşımızda çox mühüm vəzifələr dayanır, bu istiqamətlər haqqında Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında, eləcə də digər rəsmi tədbirlərdə səsləndirilir. Qələbədən sonra Azərbaycana, dövlətimizə , xalqımıza qarşı haqsız iddialar, böhtanlar hələ də davam edir. Buna görə də mübarizə davam etməli, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da gücləndirilməlidir. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Birliyinin sonuncu toplantısında dünyanın fərqli ölkələrində yaşayan türklərin hüquqlarının müdafiəsi məsələsini qaldırdı. O, haqlı olaraq İranda yaşayan türklərin ana dilində təhsil almasının vacibliyini diqqətə çatdırdı.

 Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı, öz ölkəsi, Vətəni ilə qürur duyur. Bu əzəmətlə, bu hisslə yaşayan həmvətnlərimiz, soydaşlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara və nailiyyətlərə doğru inamla addımlayacağına tam əmindir!

İltizam Yusifov

Milli Məclisin deputatı