Milli Təhlükəsizlik
Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 9 May -
faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir
keçirilib.
Toplantıda
Böyük Vətən müharibəsinin və təhlükəsizlik orqanlarının veteranları,
ehtiyatda olan - general-mayor Bahadur Hüseynov, polkovnik-leytenant
Bəxtiyar Süleymanlı və polkovnik-leytenant Cabbar Bəylərov, Akademiyanın
dinləyiciləri, kursantları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi
hissələrində müddətli həqiqi hərbi xidmət keçən əsgərlər iştirak
ediblər.
Akademiyanın
rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbir
iştirakçılarını faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə təbrik
edib. Qeyd olunub ki, belə bir tədbirin Milli Təhlükəsizlik Nazirliyinin
Heydər Əliyev adına Akademiyasında təşkil edilməsinin xüsusi mənası və
gələcəyin təhlükəsizlik zabitləri üçün mühüm əhəmiyyəti var.
Diqqətə
çatdırılıb ki, faşist Almaniyasının keçmiş Sovetlər Birliyinə hücum
planlarında Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi:
"Bu da səbəbsiz deyildi, alman komandanlığı Bakı neftinə böyük önəm
verirdi”.
Qeyd
edilib ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 minə yaxın
adamdan 300 mindən çoxu həlak olub və ya itkin düşüb. Müharibədə
göstərdikləri şücaətə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı
fəxri adına layiq görülüb, 30 nəfəri "Şərəf” ordeni, 170 min Azərbaycan
əsgəri və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif
edilib.
İ.
Allahverdiyev bildirib ki, Azərbaycan bu gün də müharibə şəraitində
yaşayır, torpaqlarımızın iyirmi faizdən çoxu düşmən tapdağı altındadır,
bir milyondan çox soydaşımız dədə-baba yurdlarından məcburi didərgin
düşüb: "Lakin prezident, Ali Baş Komandan İlham Əliyevin bu gün apardığı
xarici və daxili siyasət, iqtisadi inkişaf və ordu quruculuğu üçün
gördüyü işlər bizim qəhrəman xalqımızın bu müharibədə qələbə
qazanacağına ümidlərimizi daha da artırır”.
Daha
sonra, tədbirdə çıxış edən general-mayor Bahadur Hüseynov və
polkovnik-leytenant Bəxtiyar Süleymanlı İkinci Dünya müharibəsində
keçdikləri döyüş yolundan və müharibənin vurduğu fəsadlardan bəhs
ediblər.
Tədbirin sonunda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdikləri rəşadətlər barədə film nümayiş etdirilib.