Narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.
Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər.
Narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarlarla qazanc əldə edən cinayətkarlar üçün bacardıqca daha çox adamı "iynəyə oturtmaq", daha çox gəncləri və uşaqları narkomaniyaya sövq etmək sərfəli işdir. Bir az "yüngül" narkotiklərdən başlayan insan tez bir zamanda çox təsiredici narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur.
Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir? 1960-cı illərdə "gənclik inqilabı" adlanan dövrdə gənc sənət adamları arasında narkotik maddələrin qəbulu dəbə düşmüş, bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi. Onlar bunu ictimaiyyətdən gizlətmir, bəzən sənət uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları onların həyat tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər. Bu nəsildən olan bir çoxları belə məst olmaqla günlərini, həyatlarını başa vururdular. Tanınmış adamların arasında da narkomaniyanın qurbanları olmuşdur.
O illərdən xeyli vaxt keçmişdir. Lakin narkomaniya ilə məşğul olanlar narkotiklərin insanı ağır problemlərdən xilas etməsi, həyatı daha rəngarəng, maraqlı etməsi haqqındakı xülyaları yaymaqda davam edirlər.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.
Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
"Gəncliyimizi qoruyaq” adlı narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində keçirilmiş tədbirlər haqqında məlumat
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” na uyğun olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.
Bu mübarizənin aparılmasında, gənclərimizin bu mövzuda maarifləndirilməsində, bu bəlaya qarşı təbliğatın gücləndirilməsində mədəniyyət müəssisələrinin də rolu böyükdür. Bu məqsədlə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 17-21 iyun tarixlərində "Gəncliyimizi qoruyaq” adlı narkomaniyaya qarşı mübarizə həftəsi elan edib. Bu həftə çərçivəsində İdarənin şəbəkəsinə daxil olan müəssisələr müxtəlif tədbirlər keçiriblər.
Tədbirlər tamaşa, gənclərlə söhbət, görüş, rəsm sərgisi, kitab sərgisi, dəyirmi masa formatında keçirilib. Bunların arasında Nizami Rayon Mədəniyyət Mərkəzi tərəfindən Xətai rayon Heydər Əliyev parkında təşkil olunmuş "Narkomaniyaya yox deyək” , Ramana qəsəbə Mədəniyyət evində "Bahalı ölüm” adlı açıq havada keçirilmiş rəsm sərgiləri, Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltanın quruluşunda "Xaş-xaşın göz yaşı və ya Həyatla oyun”, övladını narkotik bəlası üzündən itirən bir ananın fəryadını əks etdirən "Tamaşa” adlı tamaşaları, Lökbatan qəsəbə Ə.Əmirov adına Mədəniyyət Sarayında "Bəla” adlı tamaşa və "Sağlam gənclik, etibarlı gələcək” adlı sərgi kimi silsilə tədbirlər əhalinin böyük marağına səbəb olmuşdur. Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq İdarənin şəbəkəsinə daxil olan kitabxanalar, muzeylər, Qaradağ, Yasamal və Suraxanı rayon Heydər Əliyev Mərkəzləridə bu işdə yaxından iştirak ediblər. Bu müəssisələrdə "Narkomaniya və müasir gənclik”, "Dumanlı beyin”, "Narkomaniyaya yox deyək”, "Həyatını külə döndərmə”, "Ağ ölüm” və s. adlı bir sıra tədbirlər, dəyirmi masalar keçirilib. Burada iştirakçılarla söhbətlər aparılıb, narkomaniya əleyhinə olan bədii əsərlərdən söz açılıb. Bu müzakirələrdə yazıçı–narkoloq Asif Kəngərlinin "Şər suyu”, "Bəla”, "Zəhrimar” adlı əsərlərinin xüsusi yeri olub. Müəllifin kitablarındakı hadisələr narkotikin insan həyatını necə məhv etməsini aydın əks etdirir.
Narkomaniya həftəsi cərçivəsində ümumilikdə 53 tədbir keçirilib. Tədbirlərdə 4000 nəfər iştirak edib. Cəmiyyətin müxtəlif yaş təbəqələrindən olan insanlarla narkomaniya ilə mübarizə aparılmasının yolları, narkotik maddələrin zərərli olduğu bilindiyi halda istifadəsinin niyə sürətlə artdığının səbəbləri haqqında müzakirələr aparılmışdır. Burada təmsil olunanların 75 faizini yeniyetmə və gənclər, 25 faizini isə orta yaşlı insanlar təşkil edirdi.
Narkomaniyaya qarşı mübarizə həftəsinin sonunda 21 iyun 2014-cü il tarixində Mərdəkan Mədəniyyət Sarayının lektoriyasında "Gəncliyimizi qoruyaq” şüarı altında yekun tədbir keçirildi.
Qeyd edək ki, bütün tədbirlərdə qonaq qismində yerli İcra Hakimiyyətlərindən, yerli Polis İdarələrindən, Gənclər və İdman İdarəsindən, Qəsəbə nümayəndəliklərindən, Narkoloji dispanser və QİÇS-lə Mübarizə Mərkəzindən həkimlər, sahə həkimləri, yerli Bələdiyyə və Prokurorluq nümayəndələri, Yeni Azərbaycan Partiyasından nümayəndələr iştirak etmişlər. Tədbirlərdə narkomaniyaya qarşı mübarizə mövzusunda hazırlanmış 4000 flayer paylanmışdır.
Narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində keçirilmiş bütün tədbirlər haqqında statistik məlumatlar, foto materiallar İdarənin baku-art.az və şəbəkəyə daxil olan müəssisələrin saytlarında geniş şəkildə işıqlandırılmışdır. Eləcə də Azərtac, Xəzər.servis.az, Qafqazinfo.az kimi informasiya aqentliklərinin saytlarında, "Aztv” və "Mədəniyyət” televiziya kanallarında, "Mədəniyyət”, "Qarabağ” kimi qəzetlərdə keçirilmiş tədbirlər öz əksini tapmışdır. Gənclərin bu tədbirlərə nə dərəcədə maraq göstərməsi, onları narkomaniya ilə bağlı daha çox hansı sualların maraqlandırması, mövzunun onlara nə dərəcədə təsir göstərdiyini müəyyənləşdirmək məqsədi ilə müxtəlif yerlərdə müsahibələr alınıb.
17-21 iyun 2014-cü il tarixlərində "Gəncliyimizi qoruyaq” adlı narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində təşkil olunmuş maarifləndirici və təbliğat xarakterli tədbirlərin təşkilində iştirak etmiş bütün müəssisələrə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmri ilə təşəkkür elan edilmişdir.
Dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması mütəmadi olaraq davam etdiriləcəkdir.
Yazı, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə
"Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi tərəfindən
həyata keçirilən "Narkomaniya bəlasından qorunmada QHT-lərin rolunun
artırılması” layihəsi çərçivəsində çap olunur