Bölgəyə uzunmüddətli sülh gələ bilər

“Fransanın Ermənistanla Azərbaycan arasında baş vermis müharibə zamanı və ondan sonra tutduğu mövqe Azərbaycan ictimaiyyətində heç də müsbət qarşılanmayıb”.

 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi.

 

Ə.Ağazadə qeyd etdi ki, Fransanın Cənubi Qafqazda həm geosiyasi, həm də iqtisadi mənada böyük maraqları var: “ Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın fəal siyasi fəaliyyət həyata keçirdiyi bölgədə baş verən ciddi hadisələrdən, xüsusilə silahlı toqquşmalardan xəbərsiz ola bilməz. Amma böyük dövlətin siyasəti həm ciddi praqmatik hesablamalara, həm də ölkənin milli maraqlarının bütün komponentləri nəzərə alan konseptual yanaşmaya əsaslanmalıdır”.

“Bildiyimiz kimi, bölgəyə bağlı və coğrafi cəhətdən yaxın olan, hadisələrə kifayət qədər təsir gücünə malik Rusiya 44 günlük hərbi əməliyyatlar dövründə neytral mövqeyini mümkün qədər qoruyub saxlamağa çalışıb” deyən Ə.Ağazadə bildirdi ki, Rusiya tərəflərdən hər hansına açıq dəstək ifadə etməyib: “ Məhz bu səbəbdən Ermənistanın mövqeyinə birmənalı dəstək verən yüksək səviyyəli fransız rəsmilərin bəyanatları Azərbaycanda təəssüflə qarşılanıb. Azərbaycan Fransa ilə əlaqələrin inkişafında maraqlı olduğunu hər zaman konkret əməllərlə göstərib. Əlbəttə, biz Fransada güclü erməni lobbisinin olduğunu yaxşı bilirik. Lakin, eyni zamanda, düşünürük ki, Fransanın Cənubi Qafqazda tarixi, geosiyasi və iqtisadi amillərə əsaslanan maraqlarına yalnız lobbiçilik fəaliyyəti bu qədər ciddi təsir göstərə bilməz. Azərbaycanla Fransanı təkcə siyasi və iqtisadi maraqlar birləşdirmir”.

Millət vəkili vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Fransa tanıyır: “ Ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı beynəlxalq hüquqda təsdiqlənmiş fundamental prinsiplərdir. Ölkəmiz BMT-yə Sovet dövründə mövcud olmuş sərhədləri ilə qəbul edilib. Azərbaycanın Qarabağ məsələsi ilə bağlı mövqeyi məhz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Digər tərəfdən, Fransa keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Rəsmi Paris tərəfindən Ermənistanın mövqeyinin birtərəfli qaydada müdafiə edilməsi onun Minsk qrupunun həmsədri kimi öhdəliklərinə uyğun deyil. Bu, Azərbaycan tərəfində Parisin qərəzsizliyinə və obyektivliyinə şübhə yaradır”.

Deputat qeyd etdi ki, beynəlxalq münasibətlərdə ikili standartlar siyasəti, adətən, özlərinin və ya müttəfiqlərinin oxşar hərəkətlərinə haqq qazandırmaq üçün prinsiplərin, konvensiyaların və öhdəliklərin pozulmasında, “ümumbəşəri dəyərlərin tapdalanması”nda, “insan hüquqlarının pozulması”nda, “beynəlxalq hüquq normalarından geri çəkilmək”də xoşa gəlməyənlərin ittiham edilməsi formasını kəsb edir: “Dünyanın müxtəlif bölgələrində baş verən ərazi münaqişələrini törədən işğalçı və təcavüzkarlara ikili standartlar baxımından yanaşılması növbəti separatçılıq üçün münbit şərait yaradır, insanlara fəlakət gətirir”.

ATƏT-in Minsk qrupunun 28 illik zaman kəsiyindəki fəaliyyətsizliyinə diqqət çəkən Ə.Ağazadə söylədi ki, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan bu qurum bu illər ərzində bir dəfə də olsun işğalçını adı ilə çağırmadı: “Amma məsələnin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bildirməklə imitasiya naminə aparılan danışıqlara dəstəkləri ilə Ermənistana vaxt qazandırdı. Təcavüzkar dövlət bu müddət ərzində silahlandırıldı, işğal etdikləri torpaqlarımızda qurduqları istehkamlarla bu əraziləri geri qaytarmaq istəmədiklərini təsdiqlədi. Hesab edirəm ki, gələcəkdə ölkəmiz öz siyasətini qarşı tərəfin atacağı addıma uyğun aparacaq. Əgər Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda bölgəyə uzunmüddətli sülh gələcək. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi ölkəmizin maraqlarına cavab verir”.

 

Günel Eyyubova, “İki sahil”