Serj Sarkisyan mayın 31-də Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərkən 4 dəfə yalan danışıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.
sabahinfo.az Trend-ə istinadən bildirir ki, dövlət başçısı qeyd edib: "Sarkisyan deyib ki, aprelin əvvəlində Azərbaycan erməni təxribatlarına cavab verərək əks hücuma keçərkən işğal edilmiş ərazilərdən 800 hektarı geri alıb: "Amma bu yalandır, çünki Azərbaycan 2000 hektarı geri qaytarıb və böyük əraziyə nəzarət edir".
İlham Əliyev deyib ki, "Qarabağ ordusunun" vəziyyətə nəzarət etməsi barədə Serj Sarkisyanın bəyanatı isə növbəti yalandır: "Çünki "Qarabağ ordusu" mövcud deyil və işğal edilmiş ərazilərdə Ermənistan hərbçiləri var".
Prezident çıxışında bildirib: "Bizim xarici mediaya çıxışımız çox məhduddur. Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq on illiklər ərzində formalaşıb. Onlar müxtəlif yollarla dünyanın aparıcı media qurumlarına müdaxilə ediblər və orada təmsil olunurlar. Və bizə qarşı Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında ermənilər görünür. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik".
Dövlət başçısı qeyd edib ki, media ilə ilk növbədə iş aparılmalıdır: "Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. İstər-istəməz onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki 21-ci əsr informasiya əsridir, informasiya müharibələri bu gün bir alət kimi, bir silah kimi mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada Bakıda və yaxud da başqa bir şəhərdə oturub haradan bilək ki, orada nələr baş verir? Kim haqlıdır, kim haqsızdır? Kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsiə bilə bilərik. Əgər hər hansı ölkəyə qarşı koordinasiya edilmiş çirkin kampaniya aparılırsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Ona görə bu, zəif yerimizdir. Bu istiqamət prioritet istiqamətdir. Hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müzakirə edilməlidir".
Prezident bildirib ki, müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərini çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında burada danışıqlar, müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir: "Əgər Azərbaycan dövləti bu işdə hər hansı formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək və bütün Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bu, bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq, bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Uzun illər erməni diasporu müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edərək bizə qarşı çox çirkin kampaniya aparıb. Kampaniyanın tərkib hissəsi o olub ki, Azərbaycanı antidemokratik ölkə kimi təqdim etsinlər, Ermənistanı yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatlar versinlər və müəyyən dərəcədə onlar buna nail ola biliblər".
Milli.Az