Rəqqasə Sevda: “Oğlum atasının eynisi olmasın” - Müsahibə

Aile.lent.az-ın müsahibi rəqqasə-müğənni Sevda Sanaliyevadır. Sevda ana olduqdan sonra həyatında baş verən dəyişikliklər haqda danışıb.

- Sevda xanım, bu yaxınlarda ana oldunuz. Analıq sizə görə, necə bir hissdir?

- Bu, elə bir hissdir ki, onu tərif etmək mümkün deyil. Sadəcə bir sözlə deyə bilərəm ki, artıq özüm üçün yox, oğlum üçün yaşayıram.

- Ana olduqdan sonra həyatınızda nə dəyişdi?

- Ana olduğuma görə çox şadam. Hər bir qadına ana olmağı, bu hissi yaşamağı arzu edirəm. Ana olandan sonra həyatıma məna, maraq və bir mələk gəldi. Bundan başqa nə dəyişiklik olsun?! (gülür)

- Övladınızı ilk dəfə qucağınıza alarkən hansı hissləri keçirdiniz?

- Mənə elə gəldi ki, sevincdən ürəyim dayanacaq. O, ilk dəfə ağlamağa başlayanda, mən də onunla bərabər ağladım. Sonra onu ilk dəfə qucağıma aldım. Sevincimin həddi-hüdudu yoxuydu. Ümumiyyətlə, hisslərimi sizinlə bölüşsəm də, eynisi kimi ifadə edə bilmirəm. Onu qucağıma aldığım zaman hiss etdim ki, həyat mənim üçün yenidən başlayır.

- Övladınızın adını kim qoydu?

- Oğlumun adı Elgündür. Ad qoyarkən atası ilə birgə qərar verdik.

- Elgünün kimə bənzəməsini istərdiniz?

- Həmişə arzu edirdim ki, atasına bənzəsin. Amma eynisi olmasın. Bir-birlərinə çox bənzəyirlər. Sanki bir almanın yarısıdırlar.

- Sənət adamlarının əksəriyyəti övladlarının öz yolunu davam etdirməsini istəmir. Bəs siz?

- Mən elə deyiləm. Oğlum hansı sənəti seçirsə-seçsin, daima ona kömək etməyə hazıram. Onun fikirlərinə hörmət edib, anlayışla qarşılayacam. Özüm ali təhsil almadığıma görə, istəyirəm övladım ali təhsilli olsun.

- İndiki Sevda geriyə baxanda nə görür?

- Mən çox zəhmətkeş bir qadın olmuşam. Ailəm üçün işləyib, onlar üçün yaşamışam. Özümə ayırmağa belə, vaxtım olmayıb. Geriyə baxanda isə sadəcə zəhmətkeş və ağıllı Sevdanı görürəm (gülür).

- Həyatda nəyəsə görə peşman olduğunuz olub?

- Əlbəttə, olub. Amma etdiyimiz səhvlərin bizi gücləndirdiyini düşünürəm.