"Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib".
Sabahinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər strateji baxımdan böyük əhəmiyyətə malikdir:
"Bu istiqamətdə apardığımız auditlər layihələrin icrası davam etdiyi üçün əsas post-audit xarakterli deyildir. Auditlərin nəticəsi üzrə aşkarlanan nöqsanların müvafiq məbləğlərə nisbəti əhəmiyyətli sayılmır. Əsas audit nəticələri kimi qeyd edə bilərik ki, bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib. Belə ki, kommersiya (xüsusilə özəl sektor) subyektlərinin vəsaiti hesabına layihələndirilməsi və maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının tikintisi üzrə xərclər sosial xarakterli xərclər kimi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib, yaşayış evlərinin və mənzillərin daha səmərəli şəkildə layihələndirilməsi təmin edilməyib.
Eyni zamanda, Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam diqqətə alınmaması, şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artması əlavə büdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub".