Şəhid əsgərimiz dəfn olundu - YENİLƏNİB - FOTO

Düşmənin snayper atəşi nəticəsində şəhid olmuş Azərbaycan ordusunun əsgəri, 1996-cı il təvəllüdlüVüsal Əmir oğlu Əliyev bu gün dəfn olunub.

sabahinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu ilin yanvarında hərbi xidmətə çağırılmış şəhid əsgər doğulduğu Lerik rayonun Noda kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
Mərasimdə səslənən çıxışlarda şəhidin cəsurluğundan danışılıb, onun timsalında bütün şəhidlərin qəlblərdə, xalqın yaddaşında əbədi olaraq yaşayacağı bildirilib.
Şəhid Vüsal Əliyev yaylım atəşi altında torpağa tapşırılıb. Onun tabutunun büküldüyü Azərbaycan bayrağı yaxınlarına verilib.
Qeyd edək ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

-----------

12:03

Ötən gün Ermənistan ordusunun dövlət sərhədimizdə təxribatı nəticəsində şəhid olan əsgəri Vüsal Əliyevin meyiti bu gün səhər 08 radələrində ailəsinə təhvil verilib.

sabahinfo.az anspress-ə istinadən bildirir ki, şəhidlə vida mərasimi bu gün günorta saatlarında doğulub boya-başa çatdığı Lerik rayonunun Loda kəndində baş tutacaq. Vida mərasimindən sonra şəhid əsgər Əliyev Vüsal Əmir oğlu elə həmin kənddə torpağa tapşırılacaq.

Əliyevlər ailəsinin iki övladı var. Vüsal sonbeşik olub. 1996-cı ildə anadan olan Vüsal Əliyev Rabitə Kollecini bitirdikdən sonra, bu ilin yanvar ayında Qazax rayonuna hərbi xidmətə yollanmışdı. Ötən gün isə N saylı hərbi hissədə qarşı tərəfin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması barədə Müdafiə Nazirliyi ötən gün məlumat yayıb. Nazirlikdən bildiriblər ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Allah rəhmət eləsin!