Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar
üzrə Ali Komissarlığı ilə birgə həyata keçirdiyi "Məcburi köçkünlər, qaçqınlar
və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının
alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 24 may 2019-cu il tarixində
Sumqayıt şəhərində yerləşən 28 saylı tam orta məktəbdə təlim keçirib.
Təlimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov,
Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi
Sevinc Məmmədova və layihə koordinatoru Lyüdmila Xəlilova çıxış edib.
Təlimdə Füzuli rayonundan olan 45 nəfər məcburi köçkün
qadın iştirak etmişdir. İştirakçılara 10 oktyabr 2006-cı ildə qəbul olunmuş
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22
iyun 2010-cu ildə qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması
haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə
qaydaları, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, nikah
müqaviləsi, erkən nikahlar haqqında ətraflı məlumatlar verilib. Komitənin
və GİZ-in birgə nəşri olan "Qadın hüquqları üzrə bələdçi” kitabı, Komitə
ilə UNHCR–ın birgə çap etdiyi "Məişət zorakılığının qarşısını alaq” adlı
kitabça iştirakçılara paylanıb. Sonda iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.