“Türk axını”nın gələcək perspektivi: Layihənin TANAP və TAP-a təsirləri

"Türkiyə regionun enerji xabına çevrilməyə çalışır”. "Türk axını” layihəsinin gələcək perspektivi barədə "Sabahinfo”nun sualını cavablandıran iqtisadçı-eskpert Natiq Cəfərli belə bir fikirlə çıxış edib. N.Cəfərli hökumətin Avropaya gedən enerji xətlərinin Türkiyə üzərindən keçməsinə çalışdığını da vurğulayıb: "Bu Türkiyəyə enerji bazarında mühüm rol oynamağa, tranzitdən xeyli gəlir əldə etməyə dəstək olacaq. Həm də Türkiyənin enerji təhlükəsizliyinin mühüm elementinə çevriləcək. Buna görə də, Ankara Azərbaycan, Rusiyadan olan təklifləri normal qarşılayır, həmçinin İran və İraqla danışıqlar aparır ki, enerji daşıyıcılarının Türkiyə üzərindən Avropaya çatdırılmasına nail olsun. Lakin "Türk axını”nın qarşısında müəyyən problemlər var. Məsələn, Avropa İttifaqı yaxınlarda yeni üçüncü Enerji Xartiyasını qəbul etdi. Xartiyanın tələblərindən biri odur ki, istehsalçı ölkə, yaxud şirkətə Avropada birbaşa satışa icazə verilməyəcək. Digər yandan Aİ Avropa dövlətlərinə qaz satan şirkət, yaxud ölkələrin müxtəlif qiymət təkliflərinə qarşıdır. Məsələn, Rusiya hər bir ölkəyə xüsusi qiymət strategiyası tətbiq edirdi, bununla da Avropa dövlətlərinə də özünə loyal münasibətlər qazandırdı. Bu isə, Aİ-ni narahat edirdi”. Natiq Cəfərli qeyd edib ki, "Türk axını”nın gələcəkdə realizə olunmasının əsas problemi layihənin üçüncü Enerji Xartiyasına uyğun olub-olmamasının Aİ-nin təsdiqləməsi olacaq. Ekspertin sözlərinə görə, ilin sonunadək bununla bağlı ekspertiza rəyi hazır olacaq: ""Türk axını”nın gələcək taleyi də bundan asılıdır. Ya xətt Türkiyə üzərindən Yunanıstana keçməklə öz işini bitmiş hesab edəcək, ya da Aİ bunu təsdiq edəcək və "Türk axını” Yunanıstan üzərindən qazı Avropa bazarına çıxara biləcək. Layihənin reallaşması mümkündür. Çünki Rusiyanın kifayət qədər qaz ehtiyatları var. Rusiyanın məqsədi Ukraynadan keçmədən qazını Avropaya çıxarmaqdır. Rusiyanın qazı var, Avropa da qaz almaq istəyir. Türkiyə isə, xab ölkə olaraq bu layihələrdə təsirli rol oynamağa çalışır. Nəticədə qarşılıqlı güzəştlərlə "Türk axını”nın reallaşmasını görəcəyik. Lakin layihə Azərbaycana müəyyən problemlər yaradır. Çünki Azərbaycanın təklif etdiyi TAP və TANAP layihəsi də, eyni marşrut üzrə qazın Avropaya çatdırılmasını nəzərdə tutur. Bu da gələcəkdə bu iki layihənin toqquşmasına gətirib çıxara bilər. Baxmayaraq ki, Azərbaycanın təklif etdiyi qazın miqdarı azdır, cəmi 10 milyard kubmetrdir. Rusiya "Türk axını” vasitəsilə ildə 46-50 milyard kubmetr qaz təklif edir. Nəticələrin bu cür olmasına baxmayaraq, eyni marşrut olduğu üçün müəyyən dərəcədə rəqabət olacaq, bu da gələcəkdə qazın qiymətinin aşağı enməsilə nəticələnəcək”.