Vitse-spiker Minsk qrupun fəaliyyətsizliyindən danışdı

"ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət vermək üçün nəticəyə baxmaq lazımdır. Nəticə isə ondan ibarətdir ki, bu illər ərzində danışıqlar prosesindəki bəzi məqamları çıxmaq şərti ilə irəliyə heç bir addım atılmayıb”. Sabahinfo.az xəbər verir ki, bunu SİA-ya Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, müharibəni nisbi sülh əvəz edibsə də münaqişənin həlli üçün ciddi bir addım ortada yoxdur: "Ona görə də biz haqlı olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edirik. Bununla yanaşı düşünürəm ki, həmsədrlərin müəyyən imkanları var ki, prosesi irəliyə aparsınlar. Amma, bu və ya digər səbəbdən onu irəliyə aparmaq istəmirlər. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin kifayət qədər imkanları var ki, münaqişənin həlli üçün ciddi töhfə verəcək addımlara qarşı tərəfi məcbur etsinlər. Faktiki olaraq biz bunu görmürük. Ona görə də ATƏT-in Minsk qrupu haqqında kimi dindirsəniz yalnız ciddi tənqidlər eşidəcəksiniz”.

ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi məsələsinə toxunan vitse-spiker hesab edir ki, formatın dəyişməsi bir çox hallarda məsələyə müsbət təsir göstərməyəcək: "Amma, Ukrayna hadisələrindən sonra dəyişən düzəndə müəyyən addımların atılması nikbin fikirlər söyləməyə əsas verir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti olaraq biz belə bir təklif irəli sürmüşük ki, Almaniya və Türkiyə ATƏT-in Minsk qrupu həmsədrliyinə daxil edilsin. Yəni, "beşlik”dən ibarət sədrlər şurası yaradılsın. Lakin bununla bağlı hər hansı bir fikir ortada yoxdur. Düşünürəm ki, belə bir dəyişiklik müəyyən mənada prosesi sürətləndirə bilər”.

B.Muradova qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, Rusiya və Fransa arasındakı münasibətlərə görə, həmsədrlər bəyanatlarda ümumi rəy söyləsələr də, vahid mövqe ortaya qoya bilmirlər: "Bəzi hallarda birinin aktivliyi digərinin passivliyi ilə, yaxud da işə maneəçiliyi ilə rastlaşır. Ona görə də hətta "beşlik”dən ibarət sədrlər şurası yaradılsa belə, "üçlük” arasındakı münasibətlər dominant rol oynayacaq. İstənilən halda bu üç dövlətin vahid iradəsindən çox şey asılıdır. Onlar doğrudan da dünyadakı mövcud düzənin, beynəlxalq hüququn prinsiplərinin, ölkələrin ərazi bütövlüyünün vacibliyini qəbul edərək irəliyə addım atmaq istəsələr, üçlükdə də məsələni həll edə bilərlər".