Cəmiyyətin kabusu - İşsizlik problemi

İşsizlik qlobal problemlər sırasında ön sırada dayana problemdir. Hər bir dövlət bu istiqamətdə davamlı addımlar atır, problemin qismən aradan qaldırılmasında tədbirlər həyata keçirir. Qismən ona görə ki. işsizlik problemi heç də yüz faiz aradan qaldırılan problem deyildir. Dünyanın ən inkişaf etmiş ölkəsində belə bu problem var.

Azərbaycanda həyata keçirilən sosial siyasət nəticəsində işsizlik probleminin statistik göstəriciləri xeyli aşağı düşüb. Rəsmi rəqəmlərdə 5,2 faiz işsiz var. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, həm pandemiyanın yaratdığı sosial durum, həm iqtisadiyyatda baş verən proseslər işsizlik məsələsini ciddiləşdirib. Düzdü Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan insanlar var. İlk olaraq onlara vakansiyalar təklif olunur. Əgər onlar bu vakansiyanı istəməsələr işsiz kimi qeydiyyata alınaraq işsiz statusuna malik olurlar və həmin şəxslərə müəyyən müddət dövlətin ayırdığı vəsait verilir.

Bütün bunlar yaxşıdır. Gözəldir. Ancaq araşdırmalar onu deməyə əsas verir ki, işsizliyin artmasında maraqlı qüvvələr var. Onlar həmin qüvvələrdir ki. hökumət siyasətinə kölgə salırlar. Ötən günlərdə Milli Məclisdə bu məsələ müzakirə olunan zaman deputatın fikirlərinə münasibət bildirən spiker Sahibə Qafarovanın fikirləri ilə razıyam. Spiker qeyd etdi ki. ölkədə işlər görülür. Problemin həlli hökumətin diqqətindədir.

Apardığım kiçik sorğu nəticəsində aydın oldu ki, Azərbaycanda 10 nəfərdən 6-sı işsizdir. Yəni, bir çoxları daha öncələr işləsələr də hazırda iş yerlərinin bağlanması, pandemiya və digər səbəblərdən işsiz qalıb. Təbii ki, işsiz vətəndaşın sosial vəziyyəti də yaxşı olmayacaq.

Mövcud problemin aradan qaldırılması üçün bir sıra addımların atılmasını zəruri hesab edirəm. Düşünürəm ki, başqa məsələlər kimi işsizlik problemi də Milli Məclisdə işıqlandırılmalı, bundan adiyyatı orqanların xəbəri olmalıdır ki, bu işsizlik problemi öz həllini tapsın. Cənab prezidentimiz İlham Əliyev də hər çıxışında həmişə vurğulayıb ki, ən önəmli məsələ xalqımızın sosial rifahının yaxşı olmasıdır. Biz buna çalışmalıyıq. Sual olunur bəs niyə adiyyatı qurumlar buna çalışmır? Əksinə iş axtaranların qarşısına kütləvi narazılıqlara səbəb olan tələblər qoyurlar. Ən az üç il iş təcrübəsi, xarici dil biliklərin olmalıdır. İşə götürmürlər ki, otuz yaşında qocasan ,altımış yaşında da pensiya vermirlər ki, hələ cavansan. Bu tələblərə cavab olaraq bildirim ki, iş təcrübəsi elə işdə qazanılır. Siz bu vətəndaşı işlə təmin edin ki, onun da hər hansı bir təcrübəsi olsun və ya dövlət ehsabına kurslar formalaşdırılsın ki, vətəndaş o kurslar vasitəsi ilə təcrübə qazansın. Heç kim anadan olan kimi təcrübəyə malik olmur....

Digər məsələ. İş axtaran öz ölkəsində işləmək üçün niyə məcburdu axı hansısa dili bilməyə? Yaş söhbətini də etik qaydalara görə cavablandırmıram. Xarici ölkələrdə isə bizdən fərqli olaraq hansısa bir işdə işləmək üçün mütləqdir ki, o ölkənin dilini biləsən. Bizim ölkədə isə əksi olaraq xarici dil bilmirsənsə sənə iş yoxdur. Bu tələbin mənə görə tək bir izahı var. Öz dilinə hörmətsizlik. Başqa dilləri öz dilindən üstün tutmaq nə deməkdir axı.,?

Bu gün ölkəmizdə diqqəti çəkən məsələlərdən biri də bakalavrların təhsilllərini bitirdikdən sonra təyinatı məsələsidir. Yaranmaqda olan diplomlu işsiz ordusu cəmiyyətin inkişafına nə kimi töhfə verə vilər? Beynəlxalq təcrübəyə nəzər yetirsək Universiteti bitirən hər kəsə ixtisası üzrə təyinat verilir . Bizdə isə iş tapa bilmədiyi üçün, diplomlu taksi sürücüləri artır. Bu da maşınların çoxluğuna, qəzalara səbəb olur.

Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi özünə məşğulluq proqramları həyata keçirir. Bu proqram iştirakçıları da bazarlara çıxa bilmir. Proqram iştirakçıları müəyyən yoxlanış dövründən sonra onlara verilən avadanlığı ya satır, ya da başqa məqsədlər üçün istifadə edir. Digər diqqəti çəkən məsələlərdən biri boş vakant yerlər çoxdur gəlib işləmirlər ifadəsidir. Ailəli, iki və daha artıq uşağı olan vətəndaş 200-300 manat əmək haqqısı olan işdə necə işləsin axı...

Gənclik işsizliyə görə ailə qura bilmir. Ailələrdə işsizlik söz söhbətlərə yol açır. Bəzən bu da boşanmalara səbəb olur. Bu vəziyyət də ölkənin gələcəyi üçün mənfi təsir göstərir. Azərbaycanda standart həyat və yaşam şərtləri həddindən artıq ağırdır.Hokumət potensial narazılıqları aradan qaldırmaq üçün, nə qədər gec deyil, əhalinin sosial iqtisadi vəziyyətini yaxşılaşdıran gerçək islahatlar aparmalı, iş yerləri açmalı, əmək haqlarını, pensiyaları dəfələrlə artırmalıdır.

Bu məsələlərə diqqət yetirməli, həqiqətən də insanların sosial rifahının yaxşılaşması üçün adiatı qurumlar özləri üçün yox bir az da insanlar üçün çalışmalıdırlar. O, dünyaya hələ heç kəs özü ilə heç nə aparmayıb ,əmin olun sizdə aparmayacaqsız.!

Leyla Familqızı