“Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində növbəti bir tarixi hadisəyə şahidlik edəcək. Elə bir tarixi hadisə ki, bu hadisə bütövlükdə Cənubi Qafqazın, Türk dünyasının gələcək inkişafında yeni bir mərhələ olacaq”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, bu gün Vaşinqtonda hamının uzun illərdir səbirsizliklə gözlədiyi bu hadisə baş verəcək. “Azərbaycan İkinci Qarabağ savaşından sonra bölgədə sülhün əldə olunması istiqamətində yaratdığı reallığa uyğun olaraq növbəti qələbəyə imza atacaq. Belə ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi sənədi paraflanacaq. İmzalanacaq sənəd yekun sülh sazişinin əldə edilməsi, regionda dayanıqlı sülhün, sabitliyin, sıx əməkdaşlıq formatının yaranmasına öz töhfəsini verəcək. Azərbaycan bu uğura ancaq cənab Prezident İlham Əliyevin yürütdüyü hədəflərə xidmət edən uzaqgörən, qətiyyətli və çevik diplomatiyası nəticəsində imza atıb.
Bunu ABŞ Prezidenti Donald Tramp da açıq bəyan edərək deyib ki, avqustun 8-də Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq: “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - Tramp qeyd edib.
Hesab edirəm ki, görüşdən sonra liderlərin verəcəyi bəyanatda yekun sülhün əldə edilməsi üçün Azərbaycan tərəfinin irəli sürdüyü ATƏT Minsk qrupunun buraxılması, Zəngəzur dəhizi və Ermənistan Konstitusiyasına dəyişikliklər kimi məsələlər əksini tapacaq. Çünki bu şərtlər həyata keçirilmədən yekun sülh sazişindən danışmaq tezdir. Lakin bütün bunlara baxmayaraq belə bir sənədin imzalanması və veriləcək mesajlar hərtərəfli yekun sülh sazişinin əldə olunması istiqamətindəki prosesi sürətləndirəcək”, - o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından narahatlıq keçirən qüvvələrin destruktiv fəaliyyəti isə nəticəsiz qalacaq: “Bölgədə sülhə əngəl olan qüvvələr bilməlidirlər ki, onların destruktiv fəaliyyəti, Azərbaycana qarşı qərəzli yanaşması, təzyiqi, təhdidi cənab Prezident İlham Əliyevin qətiyyətli, çevik diplomatiyası nəticəsində hər zaman olduğu kimi, bundan sonra da iflasa uğrayacaq. Rusiya və digər ölkələr Azərbaycanın yaratdığı bu reallığı qəbul edərək, beynəlxalq hüquqa əsaslanan bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qursalar daha yaxşı olar. Əks təqdirdə itirən tərəf olacaqlar. Kimsə Azərbaycanı tutduğu yoldan döndərə bilməyəcək. Azərbaycan növbəti uğurlara imza atacaq”.