"Çiftlik Bank" fırıldağının detalları açıqlandı

Türkiyədə 3 il əvvələdək "Çiftlik Bank"(Ferma Bankı) mexanizmi məşhur idi. Mexanizmi quran Mehmet Aydın investorların pulunu mənimsəyərək ölkədən qaçmış, bundan sonra onun barəsində Türkiyədə cinayət işi açılmışdır.

Fins.az xəbər verir ki, Türkiyə tarixinin ən iri fırıldaqçılıqlarından birinə imza atan və "Çiftlik Bank" mexanizmi ilə (piramida) 77 min 843 nəfərdən 511 milyon türk lirəsi yığaraq xaricə qaçan "Tosuncuk" ləqəbli Mehmet Aydın ötən axşam bir video yayıb. Aydın o videoda, "Günahsız olduğumu və zərər çəkdiyimi sübut etmək üçün öz azad iradəmlə Türk mühakiməsinə təslim olacağam" deyib. Tosuncuk bir müddət sonra Braziliyanın Sao Paulo şəhərindəki Türkiyə Baş konsolluğuna gedərək təslim olub. 

Aydının Türkiyədən qaçırdığı pulları Bitcoin-ə yatıraraq sərvətini kəskin artırdığı ortaya çıxıb. "Axşam" qəzetində yer alan xəbərə görə, 2018-ci ilin Mart ayında Uruqvaya qaçan Tosuncuk pulun böyük hissəsi olan 500 milyon türk lirəsini o dövrdə 6 min dollar olan Bitcoin-ə yatırıb. Bu il aprel ayında Bitcoin-in qiyməti 64 min dolları aşaraq tarixi rekord qırdı. İddiaya görə, Mehmet Aydının sərvəti əlindəki Bitcoin-lər sayəsində 5 milyard lirəni aşıb.

 "Tosuncuk"un Bitcoindən əldə etdiyi yüksək qazancdan sonra təslim olmağa qərar verdiyi, zərər çəkmişlərin pullarını qaytarmağı planlaşdırdığı iddia edilir. Onun təslim olması, peşiman olması və vətəndaşlara vurduğu ziyanı ödəməsi nəzərə alınaraq cəzası kəskin azaldıla bilər.