Dağların qoynunda yenidən doğulan şəhər

Azərbaycanın tarixi-coğrafi xəritəsində xüsusi mövqeyə malik olan Kəlbəcər təkcə zəngin təbiəti və tarixi abidələri ilə deyil, həm də strateji əhəmiyyəti ilə seçilən bölgələrdən biridir. 25 Noyabr – Kəlbəcər şəhəri günü bu rayonun azad olunması, yenidən qurulması və dövlətçilik tarixində yerinin bərpasının rəmzidir. “Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını verməsi burada çox qədim müdafiə və yaşayış mədəniyyətinin olduğunu göstərir. Tərtər çayı boyunca yerləşən süni mağaralar, 30 min illik yaşayış izləri və 6 min illik qaya rəsmləri burada ən qədim insan məskənlərinin mövcudluğunu sübut edir.

Qayaüstü təsvirlərdə rast gəlinən qədim türk damğaları, ibtidai dini inancların izləri, erkən xristianlıq dövrü abidələri və İslamın bölgədə yayılmasını əks etdirən memarlıq nümunələri Kəlbəcərin çoxmədəniyyətli tarixini nümayiş etdirir. Ərazinin relyefi – Camışdağ və Dəlidağ kimi yüksək zirvələr, sıx meşəliklər və çay vadiləri Kəlbəcəri həm strateji, həm də ekoloji baxımdan mühüm bölgə kimi formalaşdırmışdır. 1993-cü il 2 apreldə Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsi Azərbaycanın ən ağır itkilərindən biri oldu. Bu işğal zamanı 511 mülki şəxs öldürüldü, 321 nəfər əsir və itkin düşdü. Yüzlərlə mədəni irs abidəsi məhv edildi və bütün infrastruktur sıradan çıxarıldı. Rayonun məktəbləri, kitabxanaları, xəstəxanaları, klubları, mədəniyyət evləri talan edilərək xarabalığa çevrildi. Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq bölgədə yaşayış strukturunu tamamilə dağıtdı.

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Kəlbəcərin dərhal azad edilməsini tələb etsə də, Ermənistan bu çağırışa əməl etməmiş, beynəlxalq təşkilatlar isə praktiki mexanizmlər tətbiq etməmişdir. Əksinə, Ermənistan 1999-cu ildən etibarən rayonda qeyri-qanuni məskunlaşdırma siyasəti yürütmüşdür. 2020-ci il Vətən müharibəsi Kəlbəcər istiqamətində strateji üstünlüyün qazanılması ilə yadda qaldı. Azərbaycan Ordusunun Kəlbəcərin şimalındakı yüksəklikləri ələ keçirməsi Ermənistan ordusunun təchizat yollarını bağladı və onların hərəkət imkanlarını iflic etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz strateji yüksəklikləri ələ keçirərək düşmənin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırdıq.” Bu qətiyyətli hərbi uğurlar Üçtərəfli Bəyanatın imzalanmasında və Kəlbəcərin döyüşsüz qaytarılmasında həlledici rol oynadı. Kəlbəcər 27 illik işğaldan sonra Azərbaycana qaytarıldı. İşğalçıların çıxarkən evləri, meşələri yandırması Ermənistanın vəhşi vandalizmini bir daha sübut etdi. Kəlbəcərin azad olunması uğrunda igidlik göstərən 9455 hərbi qulluqçu dövlət tərəfindən medalla təltif edildi. Bu, Azərbaycan ordusunun gücünü və dövlətimizin öz qəhrəmanlarına verdiyi dəyəri əks etdirir. Azadlıqdan sonra Kəlbəcər Azərbaycanın ən böyük yenidənqurma məkanlarından birinə çevrilmişdir.

Şəhərin 2040-cı ilədək inkişaf planı müasir şəhərçiliyin bütün tələblərini özündə birləşdirir. Kəlbəcər şəhərinin yeni yaşayış komplekslərinə yüzlərlə ailənin köçürülməsi artıq başlanmışdır. 201 ailə üçün inşa edilmiş 6 çoxmənzilli bina, “townhouse” tipli fərdi evlər, geniş parklar, idman meydançaları və sosial obyektlər müasir şəhər mühitini təmin edir. Yanşaq, Zallar və Zar kəndlərində minlərlə ailə üçün yeni evlər, məktəblər və bağçalar tikilir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bölgənin iqtisadi inkişafında mühüm rol oynayır. Dünya üzrə 18-ci, MDB-də isə ən uzun tunel olan Murovdağ tuneli Azərbaycanın mühəndislik sahəsində nailiyyətidir.

Rayonda ardıcıl olaraq Meydançay, Çıraq-1, Çıraq-2, Soyuqbulaq, Aşağı Vəng, Nadirxanlı və Çaykənd Su Elektrik Stansiyaları yenidən qurulmuşdur. Bu, regionun enerji təminatını uzunmüddətli perspektivdə tam təmin edir. İstisu mineral su kompleksi və mineral su zavodu həm turizm, həm də sənaye baxımından regionun dirçəlişinə mühüm töhfə verir. Zavodun 100 milyon şüşə illik istehsal gücü və yüzlərlə iş yerinin açılması bölgənin iqtisadi həyatına yeni nəfəs gətirir. Beləliklə, 25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycanın tarixi yaddaşı üçün xüsusi məna daşıyır. Bu gün təkcə işğaldan azad olunmanın deyil, eyni zamanda yenidənqurma, inkişaf, dövlətçilik iradəsinin təntənəsi kimi qeyd edilir. Kəlbəcər artıq dağıdılmış şəhər deyil – bu gün müasir, yaşıl, dayanıqlı, perspektivli və güclü Azərbaycanın inkişaf simvollarından biridir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı