Deputat fransalı həmkarlarına müraciət etdi

"Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri arasında oktyabrın 6-da Praqada keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru olmaqla bərabər, Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edən məqamlarla yadda qaldı. Təəssüf ki, bəzi qüvvələr prosesi ləngitməyə, regionda gərginliyi artırmağa xidmət edən təşəbbüslərlə çıxış etməkdədir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bir neçə gün öncə Milli Assambleyanın ermənipərəst üzvünün Azərbaycana qarşı əsassız ittihamlarla dolu sualını cavablandırarkən söylədiyi fikirlər də bu qəbildəndir: "Cavabın ümumi məzmunu tamamilə qərəzli mülahizələrə əsaslanır. Bu, xüsusilə Fransanın bölgədə sülhün təmin olunması prosesində fəal iştirak etməyə çalışdığı indiki dövrün ruhuna uyğun deyil. Çünki biz son dövrdə Fransa Prezidentinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək təşəbbüslərinin şahidiyik. Təəssüf ki, Fransada bizim regionumuzla bağlı hadisələrə münasibətdə birtərəfli mövqe tutan hökumət və parlament üzvləri var. Bu il sentyabrın 13-14-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatın birtərəfli şəkildə təqdim edilməsi də onların şəxsi mülahizələrini parlamentə və dövlətlərarası münasibətlərə daşımaq cəhdlərinin göstəricisidir. Halbuki, Azərbaycan sadəcə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edib".

Soltan Məmmədov xatırladıb ki, Fransa indiyə qədər Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymayıb: "Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşının həlak olması və ya yaralanması, 4000-ə yaxın azərbaycanlının itkin düşməsi, yüzlərlə həmvətənimizin qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması faktları ilə bağlı mövqe bildirməyib. Əlbəttə ki, Fransada Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini düzgün qiymətləndirən, regionda baş verən proseslər haqqında obyektiv təsəvvürü olan, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı kimi çıxış edən siyasətçilər də var. Onlar yaxşı bilirlər ki, bölgəmizdə əməkdaşlıq, sabitlik və rifah dövrünün başlanması üçün unikal fürsət yaranıb. Biz regionun tarixində yeni bir səhifə açmışıq. Ona görə də Azərbaycan-Fransa parlamentlərarası İşçi qrupu adından fransalı parlamentariləri, siyasətçilərinə müraciət edərək, belə bir tarixi mərhələdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə xidmət edən təşəbbüslərdən çəkinməyə çağırırıq".