Deputat gənclərlə görüşdü

Deputat Pərvanə Vəliyeva Milli Məclisdə təmsil etdiyi Bakının Xətai rayonunun ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş gənc sakinləri ilə görüş keçirib. Görüşdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Gənclərlə səmimi söhbət edən deputat öz tövsiyyələrini onlarla bölüşüb, yeni təhsil pilləsində onlara uğurlar arzu edib.

Dövlət Gənclər siyasətinin banisinin Ulu Öndər Heydər Əliyev olduğunu deyən P.Vəliyeva Ümummilli liderin gənclərə nəsihətlərini xatırladıb. Deputat Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunun prioritet istiqamətlərindən birinin gənclər siyasətinin gücləndirilməsi olduğunu vurğulayıb. Bildirib ki, elə buna görə də, gənclərimiz dünyada bir çox sahələrdə, o cümlədən, idman, stolüstü oyunlar, müxtəlif startaplar, həmçinin fənn olimpiadalarının qalibi olaraq ölkəmizin adını zirvələrə qaldırırlar.

Görüşdə gənclər də çıxış edərək uğur qazanmaq üçün əzmkarlıqla keçdikləri yol barədə və gələcək məqsədləri barədə danışdılar. Onlar bu nailiyyəti həm müəllimlərinə, həm də valideynlərinin dəstəyinə borclu olduqlarını bildirdilər.

P.Vəliyeva gəncləri və valideynlərini bir daha təbrik edərək, əməkdaşlığa və dəstək göstərməyə daim açıq olduğunu bildirib. Sonda isə gənclərə hədiyyələr təqdim olunub.