Deputat Nikolun sərsəmləməsindən danışdı

"Ermənistan müstəqilliyinin 30 illiyinə həsr olunmuş, təzadlı, ziddiyyətli şəraitdə keçirilən tədbirdə Nikol Paşinyan növbəti dəfə iki erməni "dövləti" sözünü işlətdi. Sual oluna bilər; nəyə görə təzadlı, ziddiyyətli şəraitdə? Çünki 44 günlük müharibədə Azərbaycan Ordusu dünya erməniliyinə elə bir sağalmaz yara vurub ki, Ermənistan cəmiyyətinin xeyli hissəsi müstəqillik gününün bayram kimi qeyd olunmasının əleyhinə çıxışlar edir, kütləvi şəkildə etiraz nümayişləri təşkil edir. Yəni cəmiyyət psixoloji sarsıntı içərisindədir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın baş naziri Nikol Vovayeviçin son sərsəmləməsini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Ermənistanın ikinci prezidenti olmuş, kriminal Robert Koçaryanın sözləri erməni cəmiyyətində baş verənləri dəqiqliklə göstərir:

"Koçaryan söyləyir ki, 30 ildə fəxr etdikləri hər şeyi artıq itiriblər. Paşinyanın fikirlərinə gəldikdə isə, bu, birinci hal deyil. O, stabil, səsləndirdiyi fikirlərin məsuliyyətini dərk edən siyasətçi deyil. Biz dəfələrlə onun öz-özünü təkzib etdiyinin, qısa zaman kəsiyində fikirlərini dəyişdiyinin, yalan danışdığının şahidi olmuşuq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil siyasət aparmaq iqtidarında olan dövlət deyil. Hətta deyə bilərəm ki, müharibədən sonra olan-qalan müstəqilliklərini də əldən verdilər. Rusiyadan, Fransadan, ABŞ-dan, İrandan, diaspordan ciddi şəkildə asılı olduqlarına görə istənilən qərarların qəbulunda sadaladığım ölkələrlə və diaspor ilə hesablaşmaq məcburiyyətindədirlər. Əlavə olaraq, daim müharibə çağırışları səsləndirən, regionda supergüclərin maraqlarına xidmət edən müxalifəti də nəzərə alsaq, vəziyyətin kifayət qədər kritik olduğunu görmək olar".

Deputat qeyd edib ki, belə dövlət olmur:

"Ona görə də Azərbaycanın müstəqil siyasət yürütmək iqtidarında olmayan belə bir ölkə ilə münasibətlərini normallaşdırması istiqamətində çətinliklər meydana çıxır. Düşünürəm ki, Paşinyanın belə cılız fikirləri genişmiqyaslı müharibə ilə nəticələnməz, dəmir yumruğun yenidən işə salınmasına ehtiyac olmaz. Onun sözlərinin kökündə əsasən diplomatik masada müəyyən dividendlərin əldə olunmasına, Minsk qrupunun prosesə cəlb olunmasına nail olmaq durur".