"Deputatlar bunlardan məlumatlı olmalıdır"

“Büdcə layihəsi ilə tanış olduqda görürük ki, 2020-ci illə müqayisədə ayrılan vəsait 1 milyard manat, 2021-ci illə müqayisədə 5.9 miliyard manat çox olub. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir. Bu da onu deməyə əsas verir ki, qarşıdakı il təkcə işğaldan azad olmuş ərazilərdə tikinti bumu ilə ilə deyil, infrastruktur, sosial və logistika sahələrində də intibah dövrü ilə tarixə düşəcək”.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Məşhur Məmmədov Milli Məclisdə 2023-cü il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, qloballaşan dünyada baş verən proseslər fonunda cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində olan işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” planının təmin etdirilməsi 2021-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdən biri olub: “Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur, bu da gözləniləndir. Çünki qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması dövlət başçısı üçün prioritetdir.

Elə bu səbəbdən gələn il işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi üçün ötən illə müqayisədə büdcədən 12,4% çox vəsait ayrılacaq. Sənəddən göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 %, 2021-ci iilə müqayisədə isə 37,7 % çoxdur. Ayrılan vəsait, görüləcək işlər işğaldan azad edilmiş torpaqlarımızda normal həyata qayıdışı daha da sürətləndirəcək”.

Deputat onu da bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi, dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 

“Vətən müharibəsində apardığı döyüş taktikası hərb dərsliklərinə salınan ordumuzun təminatının yaxşılaşdırılması və peşəkarlığının daha da artırılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2022-ci illə müqayisədə 17,1 % çoxdur”, - o vurğulayıb.

Deputat eyni zamanda parlamentarilərin büdcədən maliyyəşən investisiya layihələri ilə bağlı veriləcək qərarlar barədə bilmək istədiyini dilə gətirib: “Bu layihələrin büdcə zərfinə daxil edilməsi şəffaflıq baxımından çox önəmlidir. Məsələn, Türkiyədə büdcədən ayrılan investisiya layihələri nəinki sektorlar, hətta bölgələr üzrə parlamentə və bütün ictimaiyyətə açıqlanır.

Büdcə məlumatları bölgələr üzrə də açıqlanmalıdır. Burada millət vəkilləri müxtəlif bölgələri təmsil edir. Bu baxımdan bizim hər birimizin təmsil etdiyimiz əraziyə büdcədən ayrılacaq təhsil, səhiyyə, sosial müdafiə, nəqliyyat və sair xərclər barədə məlumat almaq imkanımız olmalıdır”.