DİN Şəmkirdə 14 yaşlı qızın əmisi oğluna ərə verilməsi ilə bağlı hərəkətə keçdi - YENİLƏNİB

“Artıq qızın özü və ailəsi müəyyənləşdirilib, polis əməkdaşları ailə ilə görüşüb profilaktik söhbət aparıblar”.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, qızın özü ilə polis əməkdaşları tərəfindən söhbət aparılıb:

“Qız polis əməkdaşları ilə söhbət zamanı bildirib ki, elçilik olub. Tezliklə nişan gözlənilirdi. 18 yaşdan sonra isə toy olacaq. Ailələr polisə dəvət edilib, birgə profilaktik söhbət aparılıb və onlara bildirilib ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha girməsi cinayət məsuliyyəti yaradır”.

12:28

Şəmkirdə 14 yaşlı qız ərə verilir.

Bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, Şəmkir rayonunda 14 yaşlı qız 26 yaşlı əmisioğlu ilə nişanlandırılıb.

Qeyd edək ki, qızın 15 yaşı yanvar ayında tamam olacaq.

DİN-n mətbuat xidmətinin Gəncə regional bürosundan Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.