Dinləmələr siyasi qüvvələr arasında etimad mühitin formalaşmasına xidmət edəcək

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ölkədə siyasi partiyaların inkişafı, cəmiyyətə nüfuz etməsi və onların normal fəaliyyət göstərməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. 

 Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsi beynəlxalq praktikaya əsaslanaraq müasir dövrün tələblərinə cavab verən formada hazırlanıb. “Ölkədə  formalaşan siyasi konfiqurasiya  siyasi institutlaşmanın da yenidən formalaşadırıb, təkmilləşdirməsini zəruri edirdi. 30 il bundan öncə  qəbul edilən “Siyasi partiyalar haqqında” qanun layihəsi isə mövcud dövrün tələblərinə cavab vermirdi. Baxmayaraq qanunun təkmilləşdirilməsi məqsədi ilə çoxsaylı dəyişikliklər edilsə də, günümüzün reallığına uyğun gəlmirdi. Ona görə də yeni bir qanunun hazırlanmasına zərurət yaranmışdı. Siyasi partiyaların Milli Məclis sədrinə müraciətindən sonra bu məsələyə operativ reaksiya verildi. Milli Məclis sədri tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması barədə parlamentin müvafiq qurumlarına tapşırıq verildi və sənəd qısa zamanda hazırlandı. Yeni layihə hazırlandıqdan sonra ölkədə fəaliyyət göstərən siyasi partiyalara göndərildi və onların  mövqeyi öyrənildi. Buna baxmayaraq  yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə siyasi partiyaların iştirakı ilə dinləmələr keçirilib, bir daha onların sənəd barədə   təklifləri dinlənildi”- o qeyd edib.

Deputat əlavə edib ki, belə bir dinləmənin parlamentdə təşkil edilməsi çox mühüm əhəmiyyət kəsb edir: “Ən müxtəlif siyasi baxışa malik olan qüvvələrin bir araya gələrək ölkənin mühüm bir qanun layihəsini birgə müzakirəsi ölkədə siyasi mədəniyyətin formalaşmasından xəbər verir. Yəni dinləmələr zamanı bütün siyasi partiyalara normal şəkildə həm yeni qanun layihəsi, həm üzləşdikləri problemlər və onların aradan qaldırılması  ilə bağlı fikirlərini açıq şəkildə ifadəsinə hər cür şərait yaradıldı. Bu həm hakimiyyətin, həm da qanunverici orqanı olan parlamentin bütün məsələlərin müzakirəsinə açıq olmasının bariz göstəricisidir”.
Milli Məclisdə keçirilən dinləmələrin əhəmiyyətini qeyd edən deputat bildirib ki, bu ölkədə yeni konfiqurasiyanın şərtlərinə uyğun olaraq siyasi qüvvələr arasında etimad mühitinin formalaşması  baxımdan çox mühüm əhəmiyyət kəsb edir. “Parlamentdə ənənə halına alan bu cür dinləmələr  cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən müsbət qarşılanır. Çünki Milli Məclisdə davamlı olaraq cəmiyyəti narahat edən məsələlərin geniş ictimaiyyətin nümayədələrinin iştirakı ilə dinləmələr təşkil olunur. Həmin dinləmələrdə iştirakçı tərəflər problemlər və cəmiyyəti narahat edən məsələlərlə bağlı öz fikirlərini azad şəkildə ifadə edirlər. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür. Belə dinləmələr ölkədəki həmrəyliyin və birliyin qorunub saxlanmasında da mühüm əhəmiyyətə malikdir. Odur ki, Milli Məclis tərəfindən başlanan yeni proses cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcəkdir”-deputat qeyd edib.