Bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edərək Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində 5718.01 – Dünya ədəbiyyatı (urdu ədəbiyyatı) ixtisası üzrə birdəfəlik Dissertasiya Şurasının yaradılmasına icazə istəmişdik.
Sənədləşmələr, zəruri prosedurlar başa çatdıqdan sonra AAK lütfkarlıqla belə bir imkanın yaradılmnasını mümkün saydı. Əslində isə biz 3 il idi ki, həmin birdəfəlik Şuranı yaratmaq səmtində çalışırdıq. İş ondadır ki, urdu ədəbiyyatı ixtisası üzrə zəruri sayda mütəxəssisləri tapmaq heç də asan deyildi və əsas vaxt alan da elə bu gedişat oldu. Niyə AAK-ın bizim belə müraciətlərimizə həssas reaksiyasını yüksək qiymətləndiririk? Çünki hər belə yeni imkan bir addım irəli getməyimizə səbəb olur. Bizdə bir sıra ixtisaslar üzrə elmi dərəcəli kadrların boşluğu bu minvalla asta-asta doldurulur.
Nəhayət ki, iyunun 24-də Nizami muzeyində BFD 1.31 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının ilk iclasında Bakı Dövlət Universitetinin dissertantı Aygün Həmidulla qızı Aslanın “Məhəmməd İqbalın lirikası (urdu şeirləri əsasında)” mövzusunda dissertasiya işinin müdafiəsi təşkil edildi.
Rəsmi opponentlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nüşabə Araslı, Pəncab Təhsil Departamenti Bhakkar Dövlət Kollecinin müəllimi filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Muhammad Aşraf, İslamabad Beynəlxalq İslam Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Bibi Ameena idi.
Onlardan hər biri əsəri yüksək qiymətləndirdi.
Müzakirələrdə çıxış edən professor Cəlil Nağıyev, professor Aida Qasımova, dosent Bilqeyis Quliyeva, filologiya elmləri doktoru, dosent Mahirə Hacıyeva, Tariq Hameed , iddiaçının elmi rəhbəri filologiya elmləri doktoru, professor Mehdi Kazımov dissertasiya işinin məziyyətlərindən bəhs etdilər.
Müdafiə prosesinə Pakistandan bir neçə alim qoşulduğundan iclas əvvəldən sonadək tərcümə edilirdi. Tərcüməçi də elə iddiaçının həmkarı, Bakı Dövlət Universitetinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi İbrahimov Eldost İldırım oğlu idi.
Dissertasiya Şurası üzvləri yekdilliklə Aygün Aslanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiqliyinə səs verdilər.
Beləliklə, urdu ədəbiyyatı ixtisası üzrə ilk alimlik diplomuna yol Nizami muzeyindən açıldı.