Dostluğun, qardaşlığın bariz nümunəsi

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari rəsmi səfərlə Bakıda olub, 1996-cı ilin aprelində isə ulu öndər Heydər Əliyev dost ölkəyə səfər edib. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə Azərbaycan Pakistanda öz səfirliyini açmış və rəsmi İslamabad ilə münasibətləri bir qədər də genişləndirmişdir. Bütün bunlar iki dost ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində atılan önəmli addımlar kimi qiymətləndirilir. Pakistan Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiyi kimi, Azərbaycan Respublikası da Kəşmir probleminin həlli ilə bağlı bu ölkənin atdığı addımları dəstəklədiyini dəfələrlə bəyan edib.

Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırıb. Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir.

Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir.

Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir.

Ekspertlərin də vurğuladıqları kimi, Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti, heç şübhəsiz, rifah və inkişaf vəd edir, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir. Yəni Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqliyi müasir dünya siyasətində pozitiv faktor kimi beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər açır.

Əminə Ağazadə

Milli Məclisin deputatı