Dostunu bıçaqladı, qətl törətdi, yoldaşı onu tərk etdi... - Meyxananın kralı haqda MARAQLI FAKTLAR

Sabahinfo.az Kulis.az-a istinadən meyxana aləminin kralı hesab olunan Rəşad Dağlı haqında maraqlı faktları təqdim edir.

Rəşad Vaqif oğlu Əmirov 21 aprel, 1984-cü ildə Bakının Yasamal rayonunda anadan olub. 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edəndən sonra böyük populyarlıq qazanıb.

O, gəlib-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta "deyişmə" müstəvisində, bəlkə də, ən yaxşısıdır. Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı olmayıb. O, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi.

***

Rəşad da, əksər meyxanaçılar kimi bu sənətin ənənə zəncirini davam etdirir, yazılmamış qaydalara hörmətlə yanaşır.

Bir qrup meyxana deyən gənc Rəşad Dağlının öz avtoritetindən istifadə edərək gənclərin yolunu bağladığını iddia edir. Bir vaxtlar Rəşadla üz-üzə deyişən, hətta bəzi meydanlarda Rəşada layiqli rəqib olan o gənclər günlərin birində "meyxana kralı"nın qəzəbinə tuş gəlir, Rəşad onların olduğu məclislərdən imtina etməyə başlayır.

***

Təbii, məclis sahibi də bu seçim qarşısında qaldıqda Rəşadı seçir və həmin gənclərdən imtina edir. Gənclərin iddiasına görə, Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara, adətən, elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya sadiq qalırlar...

Bu haqda Rəşad Dağlının yaxın dostu Orxan Lökbatanlı müsahibələrinin birində deyir:

"Mən Rəşadı neçə illərdi tanıyıram. Rəşad kiminsə çörəyinə bais olacaq insan deyil. Sadəcə, elə adamlar var ki, özlərini meyxanaçı kimi qələmə verirlər. Biz məclisə gəlirik, bizə deyirlər, filan uşaq təzə-təzə meyxana deyir, istedadı var, qoyun o da sizinlə meyxana desin. Razılaşırıq. Həmin uşaq mikrofonu əlinə götürüb ikinci bəndə keçəndə başlayır qanacaqsızlıq etməyə. Ola bilər, həmin məqamla bir də rastlaşmamaq üçün mən də, Rəşad da, digər meyxanaçılar da toya dəvət edənə deyək ki, məclisdə keçən dəfə qanacaqsızlıq edən oğlan olmasın".

***

Rəşad Dağlı 2010-cu ildə Nailə Süleymanzadə adlı xanımla ailə qurub. Onların Yusif adlı oğlu və Bətül adlı qızları dünyaya gəlib.

9 ildən sonra, 2019-cu ilin avqust ayında isə Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.

***

Bu xəbərin mətbuatda getməsindən az sonra meyxanaçının qardaşı Ağa Əmirov yayılan xəbərin yalan olduğunu bildirib:

"Qardaşım xanımı ilə bir yerdədir. Ailəsində də hər şey qaydasındadır. Rəşad tanınmış adamdır. Bir istəyəni varsa, beş də istəməyəni, gözü götürməyəni var. Bu xəbəri yayanlar qardaşımı istəməyənlərdir. Onların məqsədi Rəşadın ailəsində söz-söhbət salmaqdır. Qardaşımın iki balası var. Oğlu birinci sinfə gedir. Uşağın sinif yoldaşları var. İndi nə yazılsa internetdə çıxır. Uşaq da o xəbərləri oxuyur. Belə xəbərlər ona pis təsir edir, psixologiyasını pozur".

Ancaq bu xəbərin üzərindən bir neçə saat keçəndən sonra Nailə xanım mətbuata açıqlama verərək boşanma haqqında məhkəməyə müraciət etdiyini doğrulayıb:

"Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O, övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil".

***

Rəşad 2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib. Bu verilişdə o, aktrisa Mehriban Xanlarova ilə mübahisələri ilə yadda qalıb. Belə ki, aktrisa dağlılardan səs istəyib. Rəşad özü də Dağlı olduğu üçün onun səs istəməsinə belə münasibət bildirib:

"Dağlı qadını Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən qadındır, Mehriban Xanlarova deyil".

Bu şouda Rəşad yüksək səs yığaraq stilist Anar Ağakişiyevi uzaqlaşdırması ilə də yadda qalıb.

2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun "Toyota Prado" markalı avtomobili beton dirəyə çırpılaraq aşıb. Qəzada Rəşad Dağlının qolu sınıb.

***

Rəşad meyxana məclislərində davaları ilə də xatırlanan meyxanaçılardandır. Bir neçə il əvvəl Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşür. Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması olub. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb. Daha sonra Rəşad Dağlı və Bakıdan onunla birlikdə gələn Vüqar Biləcəri toyu tərk edib.

Meyxanaçının başqa bir münaqişəsi isə həmkarı Rüfət Dahi ilə olub. Məclislərin birində deyişmə zamanı qonaqlar Rəşadın təkrara yol verdiyini bildirərək etiraz ediblər. Meyxanaçı isə onların fikirləri ilə qəti şəkildə razılaşmayıb. Balaəli həmkarını müdafiə edərək xiridarlara qəzəblənib. Daha sonra R. Dağlı və R. Dahi arasında gərginlik yaşanıb. Rəşad həmkarının bədiyyə meyxana yaratmaq istədiyini və onunla getdiyi məclislərdə belə problemlərin yarandığını dilə gətirib. Lakin Rüfət R.Dağlının fikirlərinə qəzəblənərək illərdir bədiyyə yox, meyxana dediyini, təkəbbürün gərəksiz olduğunu söyləyib.

***

Deyilənlərə görə, Rəşadın ən möhkəm konflikt yaşadığı meyxanaçı Rüfət Nasosnu olub. Belə ki, məclislərin birində onların mübahisəsi o qədər dərinləşib ki, Rəşad öz həmkarını bıçaqlayıb. Bir müddət sonra Rəşadla birgə şəkilini sosial şəbəkədə paylaşan Rüfət belə yazıb:

"Mən ancaq Allahdan xeyirlisini arzuladım... istər özümə, istər özüm kimilərə".

Rəşad Dağlı uzun müddət efirlərə çıxmayıb. Bununla bağlı özünə qadağa qoyan meyxanaçı bildirib ki, yalnız min manat qonorar qarşılığında verilişlərə çıxacaq. Hətta, o, kanalların biriylə razılaşıb studiyaya gələndən sonra ona verilən vədin yerinə yetirilmədiyini görüb və verilişdə yer almaqdan imtina edib.

***

2021-ci ildə Rəşad Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Onun karantin qaydalarını pozaraq mərasimdə iştirak etdiyi müəyyənləşdirilib.

Meyxananın tacı və kralı hesab olunan Rəşad Dağlı bu gün də öz taxtını qorumaqdadır. Meyxana aləmində onun rəqibi yoxdur. Rəşad mətbuata heç bir müsahibə vermir. Son günlər isə o bunu Aydın Xırdalanlının, Vüqar Biləcərinin ölümü ilə əlaqələndirib və onlara hələ də yas saxladığını bildirib.

***

Rəşad nə qədər sərt, davakar təsir bağışlasa da o, göz yaşları ilə də yadda qalıb. Yaxın dostları Aydın Xırdalanlı və Vüqar Biləcərli dünyasını dəyişən zaman Rəşad kameralar qarşısında hönkür-hönkür ağlayıb.

***

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı dünən Bakının Qaradağ rayonunda qətl törədib.

1984-cü il təvəllüdlü meyxanaçı İsgəndər adlı şəxsi bıçaqla vuraraq öldürüb.

Rəşad Dağlı şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.