Dövrün lideri

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 19 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib. Müstəqil Azərbaycan Respublikasının müasir inkişafı həm ölkəmizin iqtisadi-hərbi qüdrətinin dönmədən artırılması və həm də müstəqil xarici və daxili siyasətin ardıcıl olaraq uğurla həyata keçirilməsi ilə şərtlənir. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünyanın və ölkəmizin ən çətin zamanlarında atdığı qətiyyətli addımlar, yaratdığı möhkəm təməllər yenicə müstəqillik qazanmış Azərbaycanın dünya birliyində özünəməxsus yeri və əhəmiyyəti olan bir dövlət kimi qəbul edilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxaspektli və məqsədyönlü siyasət xalqımızın və ölkəmizin inkişafında yeni tarixi mərhələnin yaranması ilə nəticələnmişdir. Möhtəşəm Qarabağ Zəfəri, bütün istiqamətlər üzrə inkişaf etmiş və beynəlxalq aləmdə öz sözü olan güclü Azərbaycanın tarixində xüsusi bir İlham Əliyev erasının yaranmasını müəyyən etmişdir. Müstəqil Azərbaycan dövlətinin Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı, Ümumdünya Səhiyyə Təşkilatı və sair mötəbər beynəlxalq qurumlar səviyyəsində qazandığı böyük nüfuz, dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş mühüm nailiyyətlər Prezident İlham Əliyevin müstəqil dövlətçilik istedadının parlaq reallıqlarıdır.

Böyük qürur hissi ilə demək olar ki, bu gün dünyada Azərbaycan Respublikası qədər hərtərəfli şəkildə inkişaf edən və yüksək beynəlxalq imicə malik olan ölkələr çox deyildir.Hər bir cəmiyyətdə hakimiyyətə münasibətin ən vacib meyarı vətəndaşın məmnunluq səviyyəsidir. Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi nəticəsində xalqın sosial rifahının ilbəil yaxşılaşdırılmasını təmin etməkdir və Heydər Əliyev ideologiyasının əsasını təşkil edən bu məram Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin uğurlu davamı ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi inkişafını təmin edəcək, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verəcəkdir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı güclü dövlət kimi dünyada tanıtmaq, cəmiyyətin bütün təbəqələrinin mənafelərini qoruyan idarəetmə sistemi yaratmaq, milli həmrəyliyi və birliyi təmin etmək kimi vacib vəzifələrin yerinə yetirilməsinə hədəflənib. Məhz buna görə də Azərbaycanda güclü xalq-iqtidar birliyi formalaşıb. “Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, güclü iradəsi və uzaqgörənliyi, beynəlxalq münasibətlər sistemində baş verən tarixi dəyişiklikləri dəqiqliklə hesablamaq bacarığı bu Qələbənin qazanılmasında müstəsna rol oynayıb. Müharibədə qələbəni təmin edən əsas şərtlərdən biri güclü orduya sahib olmaqdır. Silahlı qüvvələrin peşəkarlıq səviyyəsi, hərbi-texniki imkanları ilə yanaşı, şəxsi heyətin döyüş ruhu, vətənpərvərliyi hərbi əməliyyatlarda ciddi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti qısa müddətdə peşəkar və güclü ordu yaratdı. Azərbaycanın güclü bir orduya sahib olduğunu bütün dünya gördü, əsgərlərimiz, hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. Dövlətimizin başçısı, eyni zamanda, ölkənin sürətli iqtisadi inkişafına nail oldu, milli birliyi təmin etdi. Prezidentliyin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin  artırılması ilə bağlı müyyənləşdirdiyi və həyata keçirilən siyasət öz uğurlu nəticələrini verməkdədir.  Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.

Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycan xalqının qarşısında ən böyük xidməti  bilavasitə onun rəhbərliyi ilə  Şanlı Azərbaycan Ordusunun  44 Gün davam edən Vətən Müharibəsində   əldə olunan  tarixi Zəfər nəticəsində torpaqlarımızın  düşmən işğalından azad edilməsidir.  Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.  Bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir.

Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir”. azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir. Yeni iqtisadi ərazi bölgüsündə Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını birləşdirən Qarabağ, xüsusilə də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonlarının yer alması birbaşa bu şəhərlərdə yeni inkişaf yolunun başlaması deməkdir. Bunun üçün, ilk növbədə, Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi üçün işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan rahat yaşayış şəraiti yaradılacaq. “Planlı şəkildə görülmüş işlərlə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların məskunlaşması üçün əlverişli imkanlar açacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, xidmətlərin əlçatan olması nəzərdə tutulur. Bundan başqa, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək”.

Nərmin Hüseynzadə
Zəngilan rayon İcra Hakimiyyətinin əməkdaşı