Dünya görür ki, sivil, demokratik Azərbaycan regionda sülhün və təhlükəsizliyin....

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə həm Ermənistan tərəfinə, həm də regionda maraqları olan dövlətlərə bir sıra mühüm mesajlar vermişdir.
Məlum olduğu kimi, Azərbaycan 44 günlük şanlı Vətən müharibəsində işğalçı Ermənistanı öz ərazisindən qovaraq regionda tarixi ədaləti bərpa etmişdir. Rəsmi Bakı humanizm ideyalarından çıxış edərək Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmağa hazırdır. Azərbaycan, həmçinin gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğunu da bildirib. Dünya görür ki, sivil, demokratik Azərbaycan regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasında maraqlıdır və bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirir.
Son zamanlar Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar və təmaslar başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlıq mövcuddur və bu format kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqlar aparır.
Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. EFE-yə müsahibəsində Prezident İlham Əliyev də qeyd etdi ki: “Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib”.
Təəssüf ki, Ermənistanda bəzi revanşist qüvvələr, eləcə də onlara havadarlıq etmək istəyən bəzi ölkələr Azərbaycana status məsələsi ilə bağlı təkliflər irəli sürürlər. Bunu müsahibəsində dövlət başçısı da söylədi. Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.
Müsahibədə məcburi köçkün ailələrini çox maraqlandıran mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıda biləcəyi məsələsinə də toxunulub. Prezident İlham Əliyev bununla bağlı sualı cavablandırarkən demişdir: “Əlbəttə, burada ilk maneə minalardır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq”.
Müsahibədə İkinci Qarabağ müharibəsində Türkiyənin rolundan da geniş bəhs edilib. Türkiyənin müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyi, müharibə bitdikdən sonra Türkiyənin, o cümlədən Rusiyanın gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayacağı, eyni zamanda Rusiya və Türkiyənin Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıldığı qeyd edilmişdir. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə bu reallıqları nəzərə almalıdır. Bu, birmənalı şəkildə bütün Azərbaycan ictimaiyyətinin mövqeyidir.
 

Nəzərova Arzu Aslan qızı
Səbail rayonu E.Əliyev adına 162 saylı tam orta məktəbin
direktoru