Dünya ölkələri üçün xüsusi əlaqələrinin əhəmiyyəti

“Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı və tədbir çərçivəsində keçirdiyi mühüm görüşlər onun dünya səviyyəli böyük lider olmasını və qlobal məsələlərdə Cənab İlham Əliyevin dəyərli məsələhətlərinə xüsusi önəm verildiyini təsdiqləyir. Dövlət başçısının Davos Forumu çərçivəsində bir sıra ölkələrin, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər zamanı diqqətə çatdırdığı mesajlar iqtisadi-siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, müharibədən sonra yaranmış yeni siyasi gerçəkliklər fonunda Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmlənməsi, regionda geosiyasi proseslərin tənzimlənməsində ölkəmizin aktiv rolu və digər mühüm məsələlər haqqında qəti və prinsipial mövqe nümayiş etdirildi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.


Millət vəkili qeyd edib ki, forumda öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın müəyyən etdiyi regional sülh və dayanlıqlı inkişaf proqramlarının vəziyyəti, perspektivləri, eyni zamanda Ermənistanın yaranmış yeni reallıqlara uyğun addımlar atmasının zəruriliyi və digər məqamlar qlobal mesajlar kimi təqdim edildi:

“Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasda iştirakı zamanı uzaqgörən və müdrik çıxışı da onun planetar təfəkkürlü lider və qlobal məsələlərin həllində təşəbbükar novatorluğunu təsdiqləyir. Prezident forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı zamanı regionun son dövrdə formalaşmış geosiyasi və iqtisadi vəziyyətini çox mahircəsinə təhlil etdi, bildirdi ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olan Azərbaycan dünya üçün strateji nüfuznu durmadan artırır. Azərbaycan Orta Dəhlizin əsas mərkəzi həlqəsi olmaqla bu coğrafiyada nəqliyyat və enerji resurslarının diversifikasiyasında aparıcı ölkədir. Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq platformasının öncül aktorudur. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaranmışdır ki, bütün ölkələr üçün bu əla fürsətdir”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti bölgə üçün yeni geniş geosiyasi əhəmiyyəti olan layihələrdən bəhs edərək dünya ölkələri üçün xüsusi əlaqələrinin əhəmiyyətindən danışıb: “İlham Əliyev bildirdi ki, Azərbaycanda aparılan dövlət quruculuğu prosesi davamlıdır, dərin düşünülüb və hər bir mərhələdə hansı addımların atılacağı öncədən müəyyənləşir. Bütün bu proseslər Azərbaycan dövlətinin inkişafına, milli maraqların müasir mərhələnin tələblərinə uyğun təmin edilməsinə xidmət edir. Dövlətimizin başçısı Azərbaycanın Avropa regionunda enerji təchizatçısı kimi strateji mövqeyindən bəhs edərək ölkəmizin Avropanın qaz bazarında rolunun artması və etibarlı tərəfdaş olmasına diqqət çəkdi. Azərbaycanın enerji sahəsində yaratdığı möhkəm əməkdaşlıq əlaqələri və tərəfdaşlıq platforması xüsusi vurğulayaraq zəngin neft-qaz resurslarına malik ehtiyatların diversifikasiyasına xüsusi önəm verdiyini vurğuladı. Geosiyasi aspektdə baş vermiş bütün proseslərə baxmayaraq, Azərbaycan çox sabit neft təchizatçısı kimi öz öhdəliyini tamamilə yerinə yetirib. Ötən dövrün enerji siyasəti də təsdiqləyir ki, Azərbaycanın müəllif olduğu enerji taranzitləri xəttində heç bir fasilə, fors-major və ya problem meydana çıxmayıb. Bu baxımdan dünya miqyasında Azərbaycan dərin etibara malik tədarükçü ölkə hesab olunur”.

A.Hüseynov onu da diqqətə çatdırıb ki, Davosda Ermənistanın təcavüzkar obrazı Prezident tərəfindən bir daha dünya ictimaiyyətinə təqdim olundu:

“Prezident İlham Əliyev regiondakı geosiyasi sabitliyə təhdid olan Ermənistanın rəhbərliyinin sülh və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi belə beynəlxalq platformaya qatılmamasını İrəvan hökumətinin sülh təşəbbüskarlığına qarşı hədsiz məsuliyyətsiz davarmasının nümunəsi kimi qiymətləndirdi və bir daha Davosda beynəlxalq sülh ictimaiyyəti qarşısında Ermənistanın bu siyasətini ifşa etdi. Bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş respublika kimi hazırda bölgədə sülh yaradıcılığında əsas təşəbbüskarlıq səylərini artırıb, ancaq əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın bu cür mövqeyi region üçün potensial risklərdən biridir, çünki əgər üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.