"Dünyada Azərbaycana və onun Liderinə böyük hörmət göstərilir" - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyevin ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan qlobal əhəmiyyətli mühüm tədbirlərə dəvətlər alması artıq gözəl bir ənənəyə çevrilib. Son olaraq dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının (ABŞ)  Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinə qatılıb. Bu, Azərbaycana və onun Liderinə beynəlxalq səviyyədə göstərilən hörmətin daha bir təsdiqidir". 

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Deputatın qənaətinə görə, bu, son dərəcə böyük etimaddır. Dünya birliyinin respublikamıza yüksək etimad göstərməsi isə heç də təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanın apardığı xoş mərama əsaslanan siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Prezident İlham Əliyevin müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında bildirdiyi kimi, biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırıb.

Deputat Azərbaycanın dövlət başçısının Yaxın Şərq Sülh Sammitinə ABŞ Prezidenti Donald Trampdan dəvət almasının önəminə xüsusi diqqət çəkib. Samir Vəliyev bunu dövlətimizin başçısının və Ağ Evin yeni administrasiyasının  qətiyyətli siyasi iradələri sayəsində keyfiyyətcə yeni mərhələyə keçid edən Azərbaycan - ABŞ münasibətləri kontekstində dəyərləndirib. “Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı ABŞ-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan münasibətlərinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Yeni administrasiya dönəmində isə hər iki tərəf əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq inkişafına güclü siyasi iradə göstərir. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, liderlər bir-birinə inanır və rəğbət bəsləyirlər. Donald Tramp Prezident İlham Əliyevlə Vaşinqtonda və digər platformalarda keçirdiyi görüşlərdə, apardığı müzakirələrdə dövlətimizin başçısının qətiyyət və praqmatik yanaşmalar sərgiləməsinə istinad etməklə Yaxın Şərq Sülh Sammitində Onu  yenidən “çox güclü bir Lider” kimi səciyyələndirib. Vaşinqtonda Azərbaycan Prezidentinə göstərilən xüsusi ehtiram, aparılan danışıqların geniş gündəliyi, həm də iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması, bədnam 907-ci düzəlişin ləğvi ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını təsdiqləyir”, - deyə Samir Vəliyev bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, burada əsas məqamlardan biri də Donald Tramp tərəfindən Azərbaycanın regionda artan rolunun, etibarlı tərəfdaş olmasının və Prezident İlham Əliyevin bölgəyə sülh gətirəm Lider kimi qəbul edilməsi ilə bağlıdır. Şarm-əl-Şeyxdə baş tutan Yaxın Şərq Sülh Sammiti həm regionun, həm də dünyanın gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıyır. Sammitin gündəliyində İsrail-Fələstin münaqişəsinə son qoyulması, Qəzza bölgəsinin müharibədən sonra bərpası, dayanıqlı sülhün əldə olunması kimi mühüm məsələlər yer alıb. Bu bölgə uzun illərdir ki, qanlı savaş meydanıdır. İnsanlar müharibələrdən əziyyət çəkir, həyatlarını itirir, humanitar fəlakət yaşayırlar. İndi Donald Tramp üzərinə xüsusi bir missiya götürərək uzun illəri əhatə edən münaqişəyə son qaymaq istəyir. Burada əlbəttə ki, Prezident İlham Əliyev kimi liderlərin yanaşmalarına və təcrübəsinə böyük ehtiyac var. Prezident İlham Əliyev ərazi bütövlüyünə və tam suverenliyinə nail olmaqla tarixi ədaləti və beynəlxalq hüququ təmin edən ölkənin dövlət başçısıdır. Azərbaycan və bütün Cənubi Qafqaz coğrafiyası üçün mühüm önəm daşıyan tarixi qələbələrin əsas memarı məhz Prezident İlham Əliyevdir. “Müharibə başa çatdıqdan sonra isə Prezident İlham Əliyev sülh təşəbbüsündən çıxış edib və bu prosesi dönmədən irəli aparıb. Vaşinqtonda Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, o cümlədən yekun sülh sazişinin paraflanması mühüm nailiyyətdir. Bununla sülhyaratma prosesinin məntiqi sonluğa çatması istiqamətində mühüm addım atılmış oldu. Samir Vəliyev əlavə edib ki, Azərbaycanın qalib tərəf olmasına rəğmən müharibə başa çatdıqdan dərhal sonra heç bir ilkin şərt irəli sürmədən sülh mövqeyindən çıxış etməsi dünya tarixində çox az rast gəlinən unikal bir hadisədir. Bu fakt Azərbaycanın sülhə necə böyük önəm verməsini əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin sülhə sadiqliyi, ölkəmizin yaratdığı reallıqlar dünyadkı digər münaqişələrin, o cümlədən də Fələstin - İsrail münaqişəsinin həllində bir nümunə kimi götürülə bilər.