Elçin İsgəndərzadədən ona çamur atanlara cavab

Saytların 26 yanvar tarixli xəbərləri arasında yer almış “BMT-nin adından verilən mükafatların saxta olduğu üzə çıxıb” adlı xəbərlə bağlı bəzi nüanslara Texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi, UNCOPA təmsilçisi Elçin İsgəndərzadə aydınlq gətirib. 

Hörmətli professorun "Rupor"a göndərdiyi yazısını təqdim edirik:                                             

- 2009-cu ildən təmsilçisi olduğum ictimai qurumlardan biri, ofisləri Cenevrə və Moskva şəhərlərində olan UNCOPA – Millətlərin Birləşmiş İctimai Təltif Şurasıdır. Bu Şura 1996-cı ildə Rusiyanın və dünyanın görkəmli ədəbiyyatşünaslarından biri olan, yaxın dostum, uzun illər Lüksemburqda fəaliyyət göstərən Avropa Ədəbiyyatçılar İttifaqının Sədri olmuş, mərhum akademik, şair Mixail Pekelis (2.08.1947 – 14.05.2020) tərəfindən Birləşmiş Millətlər Təşkilatının sosial layihələrindən birinə rəhbərlik etdiyi zaman onun rəhbərliyi altında bir qrup avropalı alimlərin təşəbbüsü ilə yaradılmış və quruma vəfatına qədər o rəhbərlik etmişdir. 1999-cu ilin may ayına qədər bu ictimai şura Birləşmiş Millətlər Təşkilatının layihəsi çərçivəsində beynəlxalq mükafatlandırma fəaliyyəti ilə məşğul olmuş, layıhənin icra müddəti bitdiyi may 1999-cu ildən etibarən isə müstəqil ictimai təşkilat olaraq fəaliyyətini davam etdirmişdir. 

2010-cu ildə Almaniyada keçirilən beynəlxalq bir Simpoziumda həmin qurumun İsveçrə təmsilçisi, tanınmış Beynəlxalq hüquq müdafiəçilərindən biri, Birləşmiş Millətlər Təşkilatının müxtəlif toplantılarında hüquqları tapdanan bir sıra xalqların hüquqlarını əzmkarlıqla müdafiə edən və bu sahədə böyük uğurlara imza atmış türk əsilli professor M.Ş. Güzel ilə (onun uzun illər BMT-də Quzey Kıbrıs və Qarabağla bağlı fədakarlığı başqa bir söhbətin mövzusudur!) tanış oldum və bir millətin nümayəndələri olaraq tanışlığımız dostluğa və əməkdaşlığa çevrildi. Nəticədə ölkəmizin bir sıra nüfuzlu, ictimaiyyətin sevgisini qazanmış elm, mədəniyyət, incəsənət xadimlərini, iş adamları və xeyriyyəçilərini ictimai mükafatlara (xüsusilə yubiley və milli bayramlarımızda) təqdim etdim və təltiflər həyata keçirildi. Hətta bir neçə təqdimatlarda M.Güzel bəy Bakıya rəsmi dəvətləri çərivəsində şəxsən özü iştirak edib. Təbii ki, bu təqdimatlardan xəbərlər ölkə mətbuatında  geniş yer alıb. Çox əfsuslar olsun ki, təltif tədbirləri zamanı məruzəçilər və şəxsim tərəfindən İctimai təltif şurasının yaranışının ilk illərində BMT -nin o dönəm beynəlxalq bir layihəsinin rəhbəri olmuş akademik M.Pekelisin adı və rəhbərliyi ilə hallanması, eyni zamanda İsveçrə təmsilçisinin BMT-də çox fəal və cəsur bir hüquq müdafiəçisi olması və qurumun ictimailiyinin BMT – nin ictimai təşkilat ilkələri, niyyətləri ilə uyğunluğunu dəqiq ayırd edə bilməyən jurnalistlərimiz təltif edən qurumu Millətlərin Birləşmiş İctimai Təltif Şurası yerinə sadəcə BMT olaraq yazır və tirajlayırlar.
 
Əslində dərindən diqqət yetirdikdə burda heç bir saxtakarlıqdan və ya digər neqativlikdən qətiyyən söhbət gedə bilməz – təqdim edilən diplomlar, nominasiyalar, imzalar, nümayəndələr eyni quruma aiddir, məgər özü-özünü saxtalaşdırmaq olar. Saxtalaşdırma onda olardı ki, diplomlarda çox hörmətli keçmiş Baş katib Pan Gi Munun, fəaliyyətdə olan  Baş katib Antoniu Quterreşin adından, imzasından və s. istifadə ediləydi. İnformasiyada fikrin mexaniki yalnışlığı saxtakarlıq yox,    olsa-olsa səhlənkarlıq və ya diqqətsizlik ola bilər.

Ən başlıcası isə belə qeyri-korrekt informasiyalardan doğan “dedi-qodular”la həmin təltiflərə layiq görülmüş çox dəyərli şəxsiyyətlərimizin ictimai nüfuzlarına xələl gətirilir. Halbuki bu mükafatlara son 15 ildə ölkəmizin az sayda ən seçmə ziyalıları, beynəlxalq ictimaiyyətə tanış olan görkəmli simalarımız layiq görülüblər. Bu isə həmin təltiflərin çox ciddi seçimlə, obyektivlik və tam şəffaflıq  şəraitində verilməsini aksiomlaşdırır. Xahiş edirəm bu fikirlərimin saytda yayınlanmasına şərait yaradasınız.