Bugünkü buraxılışımızda ilin ən mühüm hadisələri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Eldar müəllim, əlbəttə ki, ölkəmizin dinamik inkişaf edən xarici əlaqələrindən danışarkən Azərbaycanın Avropa ilə yanaşı həm də Asiya dövlətləri ilə münasibətləri qeyd olunmalıdır. Həmçinin müsəlman ölkələri və Türk dövlətləri ilə əlaqələr hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətləri olub. Bu baxımdan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevral ayının 25-də ölkəmizə etdiyi rəsmi səfərini necə şərh edə bilərsiz?
- Cənab Şahbaz Şərifin artıq üçüncü ildir ki, ardıcıl olaraq ölkəmizə etdiyi səfərlər, eləcə də cənab Prezident İlham Əliyevin keçən il Pakistana etdiyi dövlət səfəri ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini göstərir. O cümlədən Pakistan Baş nazirinin fevralın 25-də Azərbaycanda rəsmi səfərdə olması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək bir hadisədir. Səfər çərçivəsində ölkə rəhbərlərinin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev əmin olduğunu bildirdi ki, Baş nazirin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Müzakirə olunan mühüm məsələlərdən biri bağlantı və daşımalar sahəsində əməkdaşlığa dair olmuşdu. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb layihələrində fəal iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir və regional sabitliyin mühüm meyarıdır. Məlumdur ki, müasir dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Ona görə də yalnız güclü hərbi potensial istənilən bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı kimi çıxış edə bilər. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer almışdı. O cümlədən müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə olunmuş və bu sahənin əməkdaşlığın digər mühüm sektoru olacağına dair razılıq əldə edilmişdir. Azərbaycan və Pakistan arasında əlaqələrin genişləndirilməsi üçün bir çox sahələrdə böyük imkanlar mövcuddur. O cümlədən enerji sahəsində olan perspektivlər çox yüksək qiymətləndirilir. Təbii ki, bütün bu potensial dövlətlərimizin daha da güclənməsinə, xalqlarımızın rifah yüksəlişinə yönəldilməlidir və bu istiqamətdə müvafiq addımlar atılır.
- Azərbaycan dost ölkələrlə münasibətlərini həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Qardaş ölkələr olan Türkiyə və Pakistanla əlaqələrin ən yüksək səviyyədə inkişafı isə xüsusilə mühüm strateji əhəmiyyət kəsb edir və məhz bu səbəbdən də bütün qlobal güc mərkəzləri tərəfindən diqqətlə izlənir. Məhz bu baxımdan biz may ayında Laçında keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan rəhbərlərinin ikinci Zirvə görüşünü də mühüm siyasi hadisə kimi qiymətləndirə bilərikmi?
- Heç şübhəsiz bu gün Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla dostluq və qardaşlıq əlaqələri xüsusi yer tutur. Əlbəttə ki, qeyd etdiyiniz Zirvə görüşü də üçtərəfli münasibətlərin daha da möhkəmlənməsinə, iqtisadi və siyasi tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə böyük töhfədir. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduqlarını diqqət mərkəzinə çəkərək qeyd etdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımız üçün böyük önəm kəsb etmişdir. Möhtərəm dövlət başçımız Azərbaycanın da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olduğunu və bu gün xalqlarımız arasında olan birliyin də bunu təsdiqlədiyini xüsusi vurğuladı. Ölkələrimizin coğrafi-strateji mövqeyindən və dinamik iqtisadi potensiallarından istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar mövcuddur. Cənab Prezident İlham Əliyev öz çıxışında belə bir vacib məqamı diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, kifayət qədər böyük coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz bir çox Avropa dövlətinin enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayırlar. Eyni zamanda bu gün Azərbaycan və Türkiyə bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələr reallaşdırmağa başlayıblar. Həmçinin Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi yer tutur. Lakin bütün bunlar əməkdaşlığın heç də bütün mümkün istiqamətlərini əhatə etmir. Dövlət başçımız həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrinin araşdırılmasının vacibliyini xüsusi qeyd etdi. Daha bir vacib məqam budur ki, Azərbaycan, Türkiyə və Pakistanın beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyi hər üç ölkənin gücünə güc qatır. Buna görə də ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərini daha da möhkəmləndirmək əzmində olduqlarını bir daha bəyan etdilər.
- Düşünürəm ki, cari ilin mart ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın İğdır-Naxçıvan qaz kəmərinin Ankarada keçirilmiş videobağlantı formatında açılış mərasimində iştirakları da dediklərinizin daha bir təsdiqidir. Bu hadisə ilə bağlı hansı fikirlərinizi paylaşmaq istərdiniz?
- Bildiyiniz kimi, 2023-cü il sentyabr ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana etdiyi səfər bir sıra önəmli hadisələrlə əlamətdar oldu. Təbii ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi də bu mühüm hadisələrdən biridir və bu layihənin icrası Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə iki qardaş ölkə arasında əlaqələrin inkişafına yeni təkan vermiş oldu. Həmin tarixi gündən tam bir il yarım keçməmiş, iki qardaş ölkənin dövlət başçılaraı artıq qaz kəmərinin açılışını edirlər. Məlumdur ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi və ticari sahələrdə əlaqələr də formalaşmağa başladı. Azərbaycan və Türkiyə həmişə bir-birinə həm siyasi, həm də iqtisadi cəhətdən dəstək göstəriblər. Bu gün dünyada enerji amili dövlətlər üçün əsas təhlükəsizlik probleminə və beynəlxalq münasibətlərdə əsas gündəmlərdən birinə çevrilib. Bu səbəbdən də Türkiyə ilə Azərbaycan arasındakı etibarlı tərəfdaşlıq bir çox sahələri əhatə etməklə bütün Avrasiya məkanı üçün çox böyük önəm kəsb edir. Səmimi qardaşlıq münasibətləri sayəsində Türkiyə və Azərbaycanın enerji perspektivləri və enerji təhlükəsizliyi hər iki tərəf üçün prioritet şəkildə inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. İğdır-Naxçıvan qaz kəməri isə, Naxçıvanın enerji təhlükəsizliyinin ən etibarlı şəkildə təmin olunması deməkdir.
- Eldar müəllim, icazənizlə bu mövzunu bir qədər də genişləndirək və etiraz etmirsinizsə, söhbətimizi Azərbaycanın iştirakı ilə Xəzərin Mərkəzi Asiyaya çıxan sahillərində cərəyan edən hadisələrə yönəldək. Daha dəqiq olsam, indi də mən avqust ayında Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü barədə fikirlərinizi almaq istərdim.
- Əlbəttə ki, Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi vacib prioritet istiqamətlərdən biridir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Eyni zamanda Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını da daim xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu dost ölkəyə işgüzar səfəri də xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulmuş olması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi çıxış edir. Dövlət başçımızın Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin genişlənməsinə və daha da möhkəmlənməsinə böyük töhfə olacaq. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişaf edəcək və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir.
- Və nəhayət son sualım. Cənab Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışını necə şərh edərdiniz?
- Cənab Prezidentin qeyd etdiyiniz çıxışında Azərbaycan həqiqətlərini, eləcə də ölkəmizin müəllifi olduğu yeni mütərəqqi regional reallıqları dünyaya ən doğru baxış bucağından təqdim edən bir çox mühüm məqamlar yer almışdır. İlk növbədə dövlətimizin başçısı bir daha vurğuladı ki, otuz ilə yaxın müddətdə ölkəmizin suveren ərazisinin təqribən iyirmi faizinin Ermənistanın hərbi işğalı altında qalması təkcə Azərbaycanın suverenliyinin deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Dünyanın aparıcı təşkilatlarının qəbul etdiyi qətnamələr illərlə icra olunmadı və ədalət yalnız Azərbaycanın öz gücü hesabına bərpa edildi. 44 günlük Vətən müharibəsi bu baxımdan dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etməklə həm özünün ərazi bütövlüyünü təmin etdi, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrini reallığa çevirdi. Cənab Prezidentin çıxışında xüsusi vurğulanan mühüm məqamlardan biri məhz bu oldu ki, Azərbaycan beynəlxalq hüququn işlək mexanizmə çevrilməsinin canlı nümunəsini ortaya qoydu. Eləcə də müharibədən sonrakı mərhələdə Azərbaycanın sülh gündəliyinə üstünlük verməsi diqqətə çatdırıldı. Əlbəttə ki, bu gündəlik qalib ölkə olan Azərbaycanın haqlı tələblərini və yaranmış yeni geosiyasi reallıqları özündə ilk növbədə ehtiva etməlidir. Ümumiyyətlə, Azərbaycan Prezidentin BMT tribunasından səsləndirdiyi hər bir fikir beynəlxalq ictimaiyyətə aydın mesaj idi: artıq regionda köhnə mexanizmlərə yer yoxdur, proses birbaşa tərəflərin siyasi iradəsi ilə aparılmalıdır. Bu mesajın mahiyyətində duran əsas ideya isə bundan ibarətdir ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suvrenliyini tam bərpa edib, indi isə bölgəni sülh və inkişaf məkanına çevirmək istiqamətində qətiyyətlə irəliləyir.
- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.
- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.
aia.az