"Elə ailə var ki, kömək edən olmasa, acından ölər" - Razi Nurullayev

"Ünvanlı dövlət sosial yardımı üçün əmək haqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa acından ölər. O necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin həmin insanlara çatacağı ciddi şübhə altındadır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır:

"Səbəb ehtiyacı olanın yalançı arayış almaq imkanının olmaması, o birilərinin isə dost-tanışdan arayış ala bilməsidir. Cənab hökumət nümayəndələri, kasıbın ətrafı və dost-tanışı da olmur. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyir. Çıxış yolu, müraciət edən ailə haqqında müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışdır. Daha adına torpaq var, keçən əsrin 70-ci illərindən qalma avtomobil var kimi məsələlər gündəmdən çıxmalıdır".