Ələt Azad İqtisadi Zonası Azərbaycanın rəqabətqabiliyyətli məhsullarını dünya bazarına çıxarma imkanlarını genişləndirir

Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Xüsusilə texnoparkların və sənaye zonalarının yaradılması sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 1-də təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması bu sahədə daha böyük dönüşə səbəb olacaq.

Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.

Bu azad iqtisadi zonanın yaradılması ölkəmizə nə verəcək? Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir təşəbbüsdür. Təcrübə göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir. Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində dövlətin siyasəti dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək.

Azad iqtisadi zonaların yaradılması çox ölkələrin arzusudur. Ancaq bütün ölkələr bu imkandan istifadə edə bilmir. Bunun üçün ilk növbədə həmin ölkədə siyasi sabitlik və dinamik inkişaf mövcud olmalıdır. İkincisi, əlverişli investisiya mühitinin olması zəruridir. Üstəlik, investisiyaların qanunla qorunması mütləq şərtdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzalandı. 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarını, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Ona görə qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir.

Bu gün Azərbaycanda bütün ilkin şərtlər mövcuddur ki, investorlar məhz bu zonaya cəlb edilsin. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilib. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə istinad edirlər. Hər iki hesabatda Azərbaycanın üstünlüyü göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir.

İnvestorları cəlb edən daha bir amil ölkəmizdəki təhlükəsizlik mühitidir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Digər vacib amil ondan ibarətdir ki, möhtərəm Prezidentimizin sözü ilə əməli heç vaxt fərqlənmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ələt Azad İqtisadi Zonasının ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin”.

Bütün bu amillər və əlbəttə ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq regionumuz üçün yeni reallıqlar yaradıb. Uzunmüddətli sabitlik və sülh investorlar üçün qərar qəbul olunmasında ən mühüm amillərdir . Bütün bu amillərin mövcudluğu və gələcəyə olan inam, xarici sərmayədarlar üçün Ələt Azad İqtisadi Zonasının cəlbediciliyini artırır. Əminik ki, Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, uzaqgörən və Azərbaycan xalqının milli mənafelərinə xidmət edən çoxvektorlu siyasəti nəticəsində dinamik inkişafını davam etdirəcək və ildən-ilə iqtisadi-hərbi qüdrətini artıraraq regionumuzda bundan sonra da sülhün və sabitliyin başlıca qarantı olacaqdır.

Bəyim Nəbiyeva

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvü