Əli Hüseynli: "Zəfərin gətirdiyi siyasi dividentlər sayəsində..."- MÜSAHİBƏ

Milli məclisin deputatı Milli Məclis sədrinin 1-ci muaviniƏli Hüseynli SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

-Hörmətli Əli müəllim, 2022-ci ilin birinci rübü artıq geridə qalıb. Ümumilikdə bu dövrü Azərbaycanımız üçün necə xarakterizə edərdiniz?

-Bildiyiniz kimi, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib və dövlətimizin başçısı hökumət üzvlərinin iştirak etdiyi tədbirdə geniş nitq söyləyib. Hesab edirəm ki, bu çıxış həmin çərçivədə bu ilin ilk 3 ayı ərzində respublikamızın keçdiyi inkişaf yolu və bütün istiqamətlər üzrə həm makroiqtisadi göstəricilər, həm də digər statistik parametrlər üzrə əldə olunmuş nailiyyətlərin geniş şəkildə təhlil olunması və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsi baxımından mükəmməl proqramdır.
Müharibədən cəmi bir ildən bir qədər artıq vaxt keçməsinə və pandemiya şəraitinin məhdudiyyətlərinə rəğmən, bu dövr Azərbaycan iqtisadiyyatın 6,8 faiz artımı ilə dünya ölkələri sırasında qabaqcıl yerini qoruya bilib. Ən əsası isə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prioritet istiqaqmət kimi ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və burada planlaşdırılan bütün layihələr vaxtında icra olunur.
Biz 44 günlük Vətən müharibəsi nəticəsində nail olduğumuz tarixi Zəfərin gətirdiyi siyasi dividentlər sayəsində dövlətimizin beynəlxalq nüfuzunun getdikcə daha sürətlə artığının şahidiyik. Bunu, ilk növbədə, ölkəmizə qarşı mümkün təhdidləri neytrllaşdıran çoxşaxəli Azərbaycan diplomatiyasının böyük uğuru və gələcək nailiyyətlərin qarantı kimi dəyərləndirmək mümkündür.

-Bu günlərdə Şuşada bir ilk yaşandı. Milli Məclisin iki komitəsinin birgə iclası keçirildi. Bu barədə fikirləriniz maraqlıdır...

-Aprelin 8-də ilk dəfə olaraq Şuşa şəhərində Milli Məclisin komitə iclası, daha dəqiq desək, Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirildi və bir günlük işgüzar səfərlə əlaqədar bir çox millət vəkillərinin azad Şuşaya ilk səyahəti onlara, o cümlədən də mənə qürur dolu xoş duyğular yaşatdı. Təəssüratlar ölçüyəgəlməzdir...
Ali qanunvericilik orqanının bu tədbirinin Şuşada baş tutması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticəsidir. Birgə komitə iclası Azərbaycan dövləti və xalqı üçün böyük siyasi əhəmiyyət kəsb edən 2018-ci il Prezident seçkilərində cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbəsinin dördüncü ildönümü ərəfəsində keçirilirdi ki, bu da çox əlamətdar bir hadisədir. Hesab edirəm ki, qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının göstəricisi olaraq rəmzi məna daşıyır və böyük siyasi əhəmiyyət kəsb edir.
-Azərbaycanda koorupsiya ilə mübarizə sahəsində davamlı addımlar atılır. Dövlət başçınınbu istiqamətdə müvafiq sərəncamları var. Ümumbəşəri problemə qarşı ölkəmizdə görülən işlər barədə nə deyə bilərsiniz?

-Postmüharibə dövründə Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açılmış, yeni reallıqların diktə etdiyi çağırışlar fonunda bütün istiqamətlərdə olduğu kimi, hüquq siyasəti və onun tərkib hissələrindən biri olan korrupsiya ilə mübarizə sahəsində də daha səmərəli və mütərəqqi addımların atılması günümüzün tələbinə çevrilmişdir. 2003-cü ildə ilk dəfə ölkə prezidenti vəzifəsinə seçildikdən cəmi bir neçə ay sonra cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə təqdim etdiyi “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun layihəsi 13 yanvar 2004-cü il tarixində ölkə parlamenti tərəfindən qəbul olunaraq 2005-ci il yanvarın 1-dən qüvvəyə minmiş və ötən dövr ərzində çoxsaylı əlavə və dəyişikliklər sayəsində təkmilləşdirilmişdir.Bu sahədə görülən tədbirlər çərçivəsində ciddi qərarlar qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Bütün bu müsbət göstəricilərin əldə olunmasında 2004-cü ildə ölkə Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu və səmərəli fəaliyyəti mühüm rol oynayır. Bu dövr ərzində bir çox müvafiq beynəlxalq konvensiyalara qoşulan ölkəmiz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı isə yeni inkişaf mərhəsində bu siyasi kursun prioritetini ortaya qoymuş olur. Bu çoxşaxəli dövlət sənədi fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkanların yaradılmasını hədəfləyir.

-Zaman-zaman Azərbaycana qarşı ikili standartlardan çıxış edən, qərəzli bəyanatlar yayan təşkilatlar var. Çox təəssüf ki, bu tip təşkilalatllar bir növ Azərbaycanda həyata keçirilən islahatları istəmir və gözü götürmür. Biz cəmiyyət olaraq bu tip bəyanatlar qarşısında nə kimi addımlar atmalıyıq?

-Həqiqətən də yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ölkədə baş verən siyasi hadisələrin mahiyyətindən asıl olmayaraq bir sıra beynəlxalq təşkilatların əsassız tənqid hədəfinə çevrilmiş, bu işdə bilavasitə əli olan beynəlxalq erməni lobbisinin təsiri altında ölkəmizə qarşı haqsız münasibətin formalaşmasına çalışmışlar. İstər daxildə, istərsə də artıq tarixin zibilliyinə atılmış Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymayan bu qurumlar və bəzi dövlətlər beynəlxalq səviyyədə ikili standart nümunələrindən geniş istifadə etmişlər.Lakin Azərbaycan Ulu öndər Heydər Əliyevin uğurlu siyasi gedişləri, daha sonra isə Prezident İlham Əliyevin hücum diplomatiyası sayəsində gücləndikcə, dünya ölkələri sırasında öz layiqli yerinə doğru inamla irəlilədikcə bu tendensiya zəiflədi. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, BMT-nin 30 ilə yaxın müddət ərzində kağız üzərində qalmış məlum 4 qətnaməsinin müzəffər ordumuz tərəfindən təkbaşına yerinə yetirilməsi ikili standartları ilə üstümüzə gələnlərə layiqli dərs oldu. Bizim tarixi nailiyyətlərimizə və uğurlarımıza qısqanclıqla yanaşanlara ən yaxşı cavab isə
cənab İlham Əlyevin sonuncu müşavirədə söylədiyi giriş və yekun nitqlərində mövzuya dair diqqətə çatdırdığı tutarlı faktlar və arqumentlərdir. Ona görə də bununla bağlı fikrimi dövlətimizin başçısının sözləri ilə yekunlaşdırmaq istərdim: “…Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar”.

-Müsahibəyə vaxt ayırdığınıza və fikirlərinizi oxucularımızla bölüşdüyünüzə görəredaksiyamız adından Sizə təşəkkür edirəm.

-Çox sağ olun. Mən də sizlərə fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzulayıram.

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri