Emin Hacıyev: "Dövlət müstəqilliyi ölkənin hər bir vətəndaşı üçün, xüsusilə gənc nəsil üçün şərəf, ləyaqət, qürur – ali dəyərdir"

Hörmətli xanım Sədr, hörmətli deputatlar!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim olunan “Müstəqillik Günü haqqında” qanun layihəsi zamanında irəli sürülən və günümüzün ruhuna cavab verən təşəbbüsdür.

Bir neçə gündən sonra ölkəmiz, xalqımız, bütün dünya azərbaycanlıları dövlət müstəqilliyimizin bərpasının 30 illiyini, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 2-ci Qarabağ – Vətən müharibəsində şanlı qələbəsinin ildönümünü böyük fəxarət hissi ilə qeyd edəcəklər.

Qanun layihəsində qeyd edildiyi kimi, ötən 30 il ərzində ölkəmiz ilk dəfə olaraq bu şərəfli günü müharibədən qalib çıxmış, öz ərazi bütövlüyünü bərpa etmiş müzəffər, qalib xalq kimi qeyd edir.

Bu gün dövlət müstəqilliyi ölkənin hər bir vətəndaşı üçün, xüsusilə gənc nəsil üçün şərəf, ləyaqət, qürur – ali dəyərdir. Yeni nəsil bu ruhda böyüyür və fəaliyyət göstərir.

Mürəkkəb bir şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev Respublikamızı müstəqilliyin itirilməsi təhlükəsindən qurtardı. Ulu öndər müstəqil dövlətçiliyimizin möhkəm bünövrəsini yaratdı və çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Heydər Əliyevlə başlanan yeni siyasi xətt hər bir sahədə dövlətimizin yüksəlişini təmin etdi, siyasi, iqtisadi, sosial və digər sahələrdə uğurların əldə olunmasını şərtləndirdi.

Ölkəmizin dövlət müstəqilliyinin ən dəqiq, dolğun və hər kəsi duyğulandıran tərifini Ümummilli lider Heydər Əliyev vermişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir”.

Bu anlayış, fəlsəfi fikir Azərbaycan dövlətçiliyi, ölkənin sürətli inkişafı və tərəqqisi üçün bir Yol Xəritəsidir. Və bu gün Ulu Öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyev Azərbaycanı bu yol ilə yeni uğurlara, qələbələrə və zirvələrə aparır.

Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycan bu dövrdə dinamik iqtisadi inkişaf tempi nümayiş etdirib. İlham Əliyev Azərbaycanı regionun liderinə çevirib, kosmik klubun üzvü edib, qlobal miqyasda söz sahibi kimi mövqelərini möhkəmləndirib. 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan indi Qoşulmama Hərəkatı kimi dünyanın ikinci ən böyük beynəlxalq təşkilatına sədrlik edir. Bütün bunlar həm də müasir müstəqillik tariximizin qürurdoğuran uğurlarıdır.

Hörmətli həmkarlar! dövlət müstəqilliyi uğrunda mübarizə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu yöndə əsas fəaliyyət Heydər Əliyevin Azərbaycana qayıdışından sonra baş verdi. Bu fəaliyyət milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu.

1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyası Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması haqqında qərar qəbul etdi. Bu qərarda Azərbaycan Parlamentinə ölkənin yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklifi verildi.

Naxçıvan Ali Məclisinin sonrakı iclasında 1990-cı ilin 20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Heydər Əliyev tərəfindən atılan hər addım Azərbaycanı dövlət müstəqilliyinin bərpa olunmasına yaxınlaşdırdı. 1991-ci il fevralın 5-də Ali Sovetin sessiyasında dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, 1-ci Respublikanın bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Həmin sessiyada çıxış edən Ulu Öndər Sovet hakimiyyətinin sonunun yaxınlaşdığını, SSRİ-nin yaxın vaxtlarda dağılacağını, müttəfiq respublikaların müstəqilliyə nail olacaqlarını bəyan etdi. Ali Sovetin 1991-ci il martın 7-də keçirilən sessiyasında Heydər Əliyev ölkənin müstəqilliyi və suverenliyi məsələlərini, onlara çatmağın yollarını, prinsiplərini göstərdi. İttifaqın saxlanılması ilə bağlı keçirilən referendumun əleyhinə olduğunu bəyan etdi. Naxçıvanda bu referendumun keçirilməsinə yol vermədi. Sovetlər İttifaqının qurucusu Leninin büstünün Azərbaycan Parlamentinin iclas salonundan götürülməsini ali qanunverici orqanın rəhbərliyindən tələb edən zaman hələ Sovetlər Birliyi süqut etməmişdir.

Bütün bu tarixi faktlar bir daha göstərir ki, Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin bərpasında böyük və danılmaz fəaliyyəti və əməyi olmuşdur.

Çox düzgün olaraq qanun layihəsində (maddə 3) 28 may və 18 oktyabrın hər il bayram günləri kimi qeyd edilməsi təsbit olunur.

Hörmətli Sədr, hörmətli deputatlar!

Çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, müzakirə olunan qanun layihəsi böyük siyasi əhəmiyyət kəsb edir. Mən də bu sənədin lehinə səs verəcəyimi bildirirəm.

Diqqətinizə görə sağ olun.

Emin Hacıyev Milli Məclisin deputatı

https://www.youtube.com/watch?v=loc3Bdq_7dc&feature=youtu.be