"Enerji diplomatiyası Avrasiyada uzunmüddətli strateji tərəfdaşlığı dərinləşdirir"

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları enerji təhlükəsizliyi və yaşıl keçid prosesində formalaşan yeni reallıqları bir daha gündəmə gətirib. Prezident İlham Əliyevin çıxışı isə bu platformanın təkcə enerji dialoqu deyil, həm də uzunmüddətli strateji planlaşdırma mexanizmi olduğunu nümayiş etdirir.

Dövlətimizin başçısı vurğulayıb ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Son 12 ilin mürəkkəb geosiyasi və iqtisadi çağırışları göstərdi ki, qarşılıqlı etimad və koordinasiya olunmuş fəaliyyət olmadan enerji sabitliyini təmin etmək mümkün deyil.

Son illər ərzində Azərbaycanın qaz ixracının coğrafiyası daha da genişlənib, artıq istehlakçı ölkələrin sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə təchizat həyata keçirilən dövlətlərin sayına görə dünya miqyasında ön mövqedə qərarlaşmaq ardıcıl və məqsədyönlü enerji siyasətinin konkret nəticəsidir. Avropa istiqaməti isə xüsusi prioritet olaraq qalır. Almaniya və Avstriyaya qaz tədarükünün başlanması ilə Avropa İttifaqının 10 üzv dövləti artıq bu mənbədən faydalanır. Bu amil qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq modelini daha da möhkəmləndirir. Eyni zamanda, artan tələbat mövcud nəqli infrastrukturunun genişləndirilməsini zəruri edir. Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə fəaliyyət göstərir və əlavə genişləndirmə, eləcə də yeni interkonnektor layihələri üzərində intensiv iş aparılır. Strateji məqsəd ixrac imkanlarını maksimum səviyyəyə çatdırmaq və paralel olaraq yeni bazarlara çıxışı təmin etməkdir.

Enerji strategiyasının dayanıqlığı birbaşa yeni hasilat mərhələlərinin vaxtında reallaşdırılmasından asılıdır. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından ilk hasilatın əldə olunması nəzərdə tutulur ki, bu da ümumi qaz balansına əlavə töhfə verəcək. “Abşeron” yatağının tammiqyaslı işlənməsi yaxın perspektivdə hasilatın əhəmiyyətli dərəcədə artmasına, təxminən üç dəfə yüksəlməsinə şərait yaradacaq. “Ümid” yatağının ikinci mərhələsi də əlavə həcm formalaşdıraraq ixrac imkanlarını genişləndirəcəkdir.

Təbii qazın əsas mənbələrindən biri olan Şahdəniz yatağında isə 2028-ci ildə yeni mərhələ üzrə hasilata başlanması planlaşdırılır. Bütün bu layihələrin tam gücü ilə icrası nəticəsində illik əlavə 10–15 milyard kubmetr qaz əldə etmək mümkün olacaq. Bu potensial həm mövcud tərəfdaş bazarların etibarlı təchizatını təmin etməyə, həm də yeni istiqamətlər üzrə ixracın genişləndirilməsinə möhkəm əsas yaradır.

Məşvərət Şurasının gündəliyində mühüm yer tutan istiqamətlərdən biri də yaşıl enerji keçidinin sürətləndirilməsidir. Alternativ enerji sahəsində artıq real icra mərhələsinə keçid baş verib və iri həcmli layihələr praktik nəticə verib. Regionda ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyası “ACWA Power” tərəfindən tikilərək istismara verilib. Bundan əvvəl, 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə təqdim edib. Bu obyektlər enerji sisteminə əhəmiyyətli həcmdə bərpaolunan güc əlavə etməklə ümumi balansda alternativ mənbələrin payını artırır. SOCAR ilə yanaşı, özəl şirkətlərin də həmin sahəyə investisiya yatırması yaşıl enerji sektorunda rəqabətə əsaslanan və dayanıqlı investisiya mühitinin formalaşdığını göstərir. Bu yanaşma enerji keçidinin mərhələli və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə reallaşdırıldığını təsdiqləyir.

İqlim məsələlərinə ideoloji deyil, praqmatik və realist yanaşma vacibdir. Qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələrinin vəhdəti enerji təhlükəsizliyi və ekoloji davamlılıq arasında balans yaratmağa imkan verir. Xəzər dənizində müşahidə olunan dayazlaşma kimi faktlar isə iqlim dəyişikliklərinin real təsirlərini bir daha xatırladır. Yaşıl enerjinin ixracı üçün ötürücü infrastrukturun inkişafı prioritet istiqamətlərdəndir. Azərbaycandan Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan ölkəmizə elektrik ötürülməsini nəzərdə tutan layihələr üzrə müqavilələr imzalanıb. Bu təşəbbüslər gələcəkdə Avropa və region üçün strateji enerji körpüsünə çevriləcəkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik: “Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik”.

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Qazaxıstan və Türkmənistan neftinin nəqli sistem vasitəsilə həyata keçirilir və bu həcmlər ildən-ilə artır. Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək üçün infrastruktur mövcuddur. Beynəlxalq enerji aktivlərinin genişləndirilməsi də strateji siyasətin tərkib hissəsidir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilənin imzalanması enerji sahəsində regional mövqelərin gücləndirilməsinə xidmət edir. İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması və Egey dənizi sahillərində 12 milyon tonluq mövcud neftayırma gücü ilə birlikdə Aralıq və Egey hövzəsində ümumilikdə 22 milyon tonluq emal potensialının formalaşması neft məhsullarının davamlı təchizatını təmin edəcəkdir. Bu şəbəkə minlərlə yanacaqdoldurma stansiyasını əhatə edir və enerji təhlükəsizliyinə əlavə təminat yaradacaqdır. 

Bakıda keçirilən iclaslar göstərdi ki, enerji təhlükəsizliyi artıq təkcə resurs ixracı deyil, çoxşaxəli və inteqrasiya olunmuş strategiyadır. Qaz hasilatının artırılması, yaşıl enerji keçidi, yeni kabel layihələri, beynəlxalq enerji aktivlərinin genişləndirilməsi və tranzit imkanlarının artırılması vahid strateji xəttin tərkib hissəsidir. Prezident İlham Əliyevin çıxışı bu siyasətin praqmatizm, realizm və uzunmüddətli tərəfdaşlıq kimi əsas məqsədlərini ortaya qoyur. Bu yanaşma həm region, həm də Avropa məkanı üçün dayanıqlı enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Bədəl Bədəlov

Milli Məclisin deputatı