Enerji təhlükəsizliyi sahəsində ölkəmizin uğurlu diplomatiyası yüksələn xətt üzrə davam edir

Enerji təhlükəsizliyi hər bir ölkə üçün onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Son dövrlərdə isə dünyanın yeni geosiyasi vəziyyətində, eləcə də bərpa olunmayan enerji mənbələrinin tükənməsi riski, bu səbəbdən  həmin enerji mənbələrindəki artan yüksək qiymətlər fonunda enerji təhlükəsizliyi dünya dövlətləri üçün ən prioritet məsələlərdən birinə çevrilmişdir. Bizim üçün isə sevindirici haldır ki, 30 illik düşmən işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdiyimiz və müstəqillik tariximizin ən qüdrətli dövrünü yaşadığımız bir dövrdə ölkəmiz enerji təhlükəsizliyi sahəsində regionda lider və dünyada nümunə olmağa davam edir.


Dövlətimizin inkişafının bu yeni mərhələsində Azərbaycan enerji siyasəti sahəsində qarşıya yeni hədəflər qoymuşdur. Yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Cənab Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəziliyi sahəsində əldə etdiyi nailiyyətlər və qarşımıza qoyduğumuz yeni inkişaf istiqamətləri ilə bağlı geniş məlumat vermişdir. Qürurverici haldır ki, cənab Prezident əminliklə bildirmişdir ki, Azərbaycanda enerji təhlükəsizliyi artıq bir neçə il əvvəl tam təmin olunmuşdur. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.


Enerji təhlükəziliyi sahəsində qarşımızda duran əsas hədəflərdən biri bərpaolunan enerji mənbələrindən istifadədir. Bu sahədə ölkəmizdə artıq biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur. Bu sahənin inkifaşı ilə bağlı əsas məqam odur ki, ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadə proqramı bəzi dünya dövlətlərindən fərqli olaraq tamamilə başqa gündəliyə malikdir. Çünki bizim enerji təhlükəsizliyimiz təmin edildiyi üçün biz bu sahəni enerji təhlükəsizliyimizi təmin etmək üçün yox, nəhəng potensialımızdan istifadə etmək və enerji sahəsində ixracımızın həcmini daha da artırmaq üçün  inkişaf etdiririk.  


Əbu-Dabi Dayanıqlıq Həftəsi çərçivəsində BƏƏ-nin “Masdar” Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmanın imzalanması bu sahədə dünya dövlətləri ilə uğurlu əməkdalığın və görülən işlərin artıq öz nəticələrini verməyə başladığının sübutudur. Bu razılaşma qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağı da istisna edilmir. Yəni, ölkəmiz yaşıl enerjinin çox mühüm ixracatçısına çevirlməkdədir. Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq.


Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanın elektrik enerjisinin də Avropaya çatdırılması üçün mühüm sənəd imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel elektrik enerjisini Avropaya nəql etməyə imkan verəcək ki, bu layihə də energetika sahəsində dünya dövlətləri ilə əməkdaşlıq üçün bizə yeni imkanlar yaradır. Enerji təhlükəsizliyi məsələlərindən bəhs edərkən keçən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Cənab Prezidentin  Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıqlarını xatırlatmaq da yerinə düşərdi. Cənab Prezident bu sənədi enerji sahəsindəki gələcək fəaliyyətimizin yol xəritəsi adlandırmışdır. Təbii qaz ixracımız da ildən-ilə artır, bu il də təbii qaz ixracımızın bir neçə milyard kub metr artaraq  24 milyard kubmetrə çatacağı gözlənilir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən enerji sahəsində etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar, hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin həcminin də iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.


Nəticədə enerji diplomatiyasından əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızı, eləcə də iqtisadiyyatımızın qeyri-neft sektorunu gücləndirməyə imkan verəcək. Əlbəttə bütün bu uğurlar son nəticədə Azərbaycan xalqının, vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasına hesablanmışdır.
 
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə Komitəsinin
sədri Ziyafət Əsgərov