Enerji Təhlükəsizliyindən Yaşıl və Rəqəmsal Gələcəyə Doğru

Cənub Qaz Dəhlizi təşəbbüsü artıq 12 ildən çoxdur ki, fəaliyyət göstərir və bu müddətdə ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir. Bu təşəbbüs çərçivəsində bir sıra çətinliklərə baxmayaraq regional enerji təhlükəsizliyinə təminat verən real nəticələr əldə olunmuşdur. 

Son illərdə qlobal enerji sistemləri bir çox çağırışlarla üzləşmişdir. Siyasi gərginliklər, dəyişən bazarlar və ekoloji problemlər həm enerji istehsalçıları, həm də istehlakçılar üçün qeyri-müəyyənlik yaratmış, enerjini daha az əlçatan və daha az etibarlı etmişdir. Enerji təhlükəsizliyi sülh, regional əməkdaşlıq və iqtisadi artımla sıx bağlıdır.

Azərbaycan Asiya ilə Avropanı coğrafi baxımdan birləşdirən, uzun illərdir regionlar arasında körpü rolunu oynayır — bu gün isə biz balanslaşdırılmış enerji siyasəti vasitəsilə həmin körpünü yaşıl enerji əməkdaşlığı dəhlizinə çeviririk.

Enerji təhlükəsizliyi əməkdaşlıq tələb edir və Azərbaycan özünü etibarlı təchizatçı, tranzit ölkə və inkişaf edən yaşıl enerji istehsalçısı kimi mövqeləndirir. Avropa İttifaqı yaşıl enerji sahəsində Azərbaycana investisiyalarını artırır. 

Şaxələndirilmiş neft və qaz kəməri sistemlərimiz vasitəsilə ölkəmiz Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən mühüm körpü idi, indi isə bu körpü yaşıl enerji ötürülməsi üzrə çalışacaq. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji təchizatının şaxələndirilməsinə strateji töhfəmizi nümayiş etdirir.

Azərbaycan bərpaolunan enerji mənbələrinə — Günəş, külək və hidroenerjiyə investisiyalar cəlb edir. Bu sahədə texniki potensialımız quruda 135 giqavat, dənizdə isə 157 giqavat bərpaolunan enerji resurslarını əhatə edir, iqtisadi potensialımız isə təxminən 27 giqavatdır — bu da düzgün siyasət və investisiya dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatların innovasiyada lider ola biləcəyini sübut edir.

Hazırda Azərbaycan yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində onlarla layihə həyata keçirir. Bunlara 4 yaşıl enerji dəhlizi və 3 yaşıl enerji zonası daxildir ki, bu da Azərbaycanı regionun enerji mərkəzinə çevirib. Ənənəvi enerjidən şaxələndirilmiş sistemə uğurla keçid edən Azərbaycan bərpaolunan enerji və enerji səmərəliliyini dövlət siyasətinin əsas prioritetlərinə çevirib.
Bu layihələr arasında Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi Avrasiya enerji diplomatiyasında mühüm mərhələdir. Bu dəhlizlər vasitəsilə Xəzər üzərindən külək və Günəş enerjisindən istehsal olunan təmiz elektrik enerjisini Avropaya çatdıracaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağı və 2030-cu ilə qədər enerjinin ən azı 30%-ni bərpaolunan mənbələrdən əldə etməyi öhdəsinə götürüb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan regionlarında isə 2030-cu ilə qədər xalis sıfır karbon emissiyası hədəfi müəyyən edilib.

Ölkəmiz Qlobal Cənub daxil olmaqla bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və vacib tərəfdaş kimi özünü təsdiq edib. Bu isə Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji təchizatının şaxələndirilməsinə strateji töhfəmizi göstərir.

Bu məsələdə həlledici məqam isə süni intellekt və data mərkəzləridir. Azərbaycanın enerji potensialını texnoloji və intellektual resurslarla birləşdirməyə yönəlib. Hazırda 10 min meqavata bərabər olan generasiya gücünün ən azı 2 min meqavatı istifadə edilməyən gücdür. Bu sərbəst resurs rəqəmsal infrastrukturun və süni intellekt texnologiyalarının inkişafı üçün hazır baza rolunu oynayır. Yaşıl enerji növləri üzrə imzalanmış müqavilələr gələcəkdə enerji generasiya gücünü daha da artıracaq ki, bu da rəqəmsallaşma prosesinin dayanıqlılığını təmin edəcək.

ABŞ ilə imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin data mərkəzləri və süni zəka ekosistemi üçün böyük əhəmiyyət kəsb edir. Çin ilə "Hərtərəfli Strateji Tərəfdaşlıq" və Avropa İttifaqının 10 ölkəsi ilə olan sazişlər Azərbaycanı qlobal texnoloji ekosistemin qovşağına çevirir.

Beləliklə, Azərbaycan bu gün yalnız enerji ehtiyatlarına malik ölkə deyil, həm də enerji siyasətini strateji baxış, texnoloji transformasiya və beynəlxalq əməkdaşlıqla birləşdirən mühüm regional gücdür. Cənub Qaz Dəhlizi ilə başlanan yol artıq yaşıl enerji dəhlizləri, bərpaolunan enerji zonaları və rəqəmsal infrastruktur layihələri ilə yeni mərhələyə qədəm qoyur.

Ölkəmiz paralel şəkildə həm enerji təhlükəsizliyini təmin edir, həm də iqlim öhdəliklərini yerinə yetirərək dayanıqlı inkişaf modelini formalaşdırır. Enerji resurslarının şaxələndirilməsi, yaşıl enerjiyə keçid, süni intellekt və data mərkəzlərinin inkişafı bir-birini tamamlayan strateji istiqamətlər kimi çıxış edir.

Məhz bu kompleks yanaşma Azərbaycanın regional enerji mərkəzindən qlobal enerji və texnologiya qovşağına çevrilməsini təmin edir. Qarşıdakı dövrdə ölkəmizin əsas prioriteti enerji təhlükəsizliyi, yaşıl transformasiya və rəqəmsal inkişaf arasında balansı qoruyaraq, sülhə, əməkdaşlığa və iqtisadi tərəqqiyə töhfə vermək olacaqdır.

Azərbaycanın məqsədi aydındır: etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, gələcəyin yaşıl və intellektual iqtisadiyyatının aparıcı iştirakçısına çevrilmək.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva