"Ermənistan digər əməli addımlar da atmalıdır...”

“Cənab Prezidentin Astanadakı görüşdə itkin düşənlərin və kütləvi məzarlıqlarda dəfn olunanların yerinin müəyyənləşdirilməsi barədə fikirləri son hadisələr kontekstində baxdıqda, Azərbaycanın sülh müqaviləsi bağlanması istiqamətində atdığı addımların və irəli sürdüyü fikirlərin davamıdır. Əgər sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməli, sülh müqaviləsi imzalanmalıdırsa, bundan öncəki görüşdə isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə məlumat vermişdisə, o zaman digər əməli addımlar da atmalıdır”. 

Manevr.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat əlavə edib ki, Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəliklərə həyata keçirir. 

“Ancaq biz Ermənistan tərəfindən davamlı şəkildə müxtəlif addımların atılmasını görürük. Lakin əməli addımlara gəldikdə isə  bu addımların qəsdən uzadıldığının, yaxud imzalanmış bəyannamələrə əks addımların atıldığının şahidi oluruq. Ona görə də, Azərbaycan xoşməramlı addım olaraq bir neçə dəfə əsirlərin Ermənistana təhvil verilməsini təmin etmişdir. Həmçinin, Azərbaycan ərazisində qalmış erməni hərbiçilərinin cəsədlərinin geri verilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılmışdır. İstər Birinci Qarabağ müharibəsi, istərsə də sonrakı münaqişə dövründə həm itkilərimiz, həm kütləvi məzarlıqlarda dəfn edilmiş şəxslərimizin yerləri barədə dolğun məlumatlar Azərbaycan tərəfinə bugünədək verilməyib. Bunu Azərbaycan həm beynəlxalq platformada bəyan etmişdir, həm də müvafiq şəkildə qonşu dövlətin nümayəndələrinin nəzərinə çatdırmışdır. Cənab Prezidentin Astanadakı bu bəyanatı bizim atdığımız addımların ardıcıllığı və davamlılığı baxımından qiymətləndirilməlidir. Bu istiqamətdə də Azərbaycan irəli sürdüyü fikirləri, təklifləri, tələbləri yerinə yetirməsini gözləyir”.