“Ermənistanda  Paşinyanı seçki yolu ilə devirə biləcək siyasi qüvvə yoxdur”  - MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik.    

- Nəsib müəllim, bir neçə gün öncə cənab Prezident İlham Əliyev Brüsseldə növbəti dəfə səfər etdi. Bu ümumi səfərin fonunda cənab Prezident Zəngəzur dəhlizi ilə bağlı xoş müjdəli bir açıqlama verdi. İstərdim ki, Brüssel görüşünin əhəmiyyətinin qiymətləndirəsiniz. Azərbaycan bu görüşlərdən nə əldə etdi?

- Brüsseldə Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin maderatorluğu ilə keçirilmiş görüş sayca üçüncü idi. Əvvəlki görüş aprelin 6-da keçirilmişdi və orda Azərbaycanın irəli sürdüyü 5 prinsip Aİ və Ermənistan tərəfindən qəbul edilmişdi. Təəssüflər olsun ki, görüşdən sonra Ermənistanın baş naziri Paşinyanın Moskva səfərindən sonra əsassız iddialar irəli sürüldü və müxtəlif bəhanələrlə proseslər ləngidildi. Mayın 23-də keçirilən görüş 5 saata yaxın davam etdi və Şarl Mişelin yekun bəyanatından bəlli oldu ki, danışıqlar Prezident İlham Əliyevin müəyyənləşdidiyi gündəlik ətrafında aparılmışdır. Azərbaycanın milli marağına uyğundur və əvvəllər irəli sürülmüş şərtlər daxilində müzakirələr aparılmışdır. “Dağlıq Qarabağ” və statusla bağlı terminlər işlədilmir. Sadəcə, Qarabağda yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları olaraq hüquqlarının təhlükəsizliyinin qorunması məsələsinə toxunulur. Onsuz da, Azərbaycan hər zaman ən yüksək səviyyədə ermənilərin təhlükəsizliyinin qorunmasına təminat verib. Brüssel görüşünü diplomatiyamızın növbəti uğuru, nizamlanma prosesində müsbət addım kimi qiymətləndirə bilərik. Əsas məsələlərdən biri, sərhədlərin dilimitasiyası üzrə komissiyaların yaradılması idi. Komissiyalar artıq fəaliyyətə başlayıb. Zəngəzur dəhlizinin reallaşdırılması, dəmiryollarının, avtomobil yollarının inşası istiqamətində işlər aparılır.  

  - Bir sıra ekspertlər iddia edirlər ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində Avropanın önə çıxması Rusiyanı və problemin həllində maraqlı olmayan digər qüvvələri qıcıqlandıra bilər. Siz Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərindəki mövqeyini necə qiymətləndirirsiniz?  

- Ümumiyyətlə, Azərbaycanla Rusiyanın dövlətlərarası münasibətləri yüksək səviyyədədir. Brüssel görüşünü 10 noyabr 2020-ci il, 11 yanvar 2022-ci il və Soçidəki üçtərəfli razılaşmaların davamı kimi qəbul etmək olar. Burada ciddi fərqlər yoxdur. Rusiyanın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlərdə də komunikatsiyaların açılması, iqtisadi münasibətlərin bərpası və digər məsələlər öz əksini tapıb. Sadəcə Brüssellə Moskva arasında müəyyən rəqabət var. Moskva hesab edir ki, müharibəni onlar dayandırıb, sülhün əldə olunmasında onların daha böyük rolu var. Ancaq, burada bir nyüans var. Rusiyada bəzi qüvvələr, ənənəvi tarixi prosesləri əsas götürərək Cənubi Qafqazda öz təsirini qoruyub saxlamağa çalışır. Problemin kökü bundadır. Brüssel görüşləri isə, düşünürəm ki, prosesi sürətləndirə və çox güclü təkan verə bilər. Yeni geosiyasi reallıqlar çərçivəsində, Brüssel, bu proseslərin sürətlə inkişaf etməsində, iqtisadi münasibətlərin inkişaf etməsində maraqlıdı. Bölgədə dayanıqlı sülhün təmin olunmasında maraqlıdı. Yəni Brüsselin əlində kifayət qədər maliyə imkanları var ki, regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynasın.  

- Brüsseldə keçirilən görüşlərin yekunları ilə bağlı ortada rəsmi bir sənəd yoxdur. Bu onu deməyə əsas verirmi ki, Ermənistan hər hansı bir dönəmdən sonra öhdəliklərindən boyun qaçıracaq?  

- Rusiyada bağlanan müqavilələrdə Ermənistanın - Paşinyanın imzası var. Amma tam şəkildə icra olunmur. Bunun əsas səbəbi Ermənistanın müstəqil siyasət yürütmək iqtidarında olmamasıdır. Ermənistan siyasi hakimiyyəti müstəqil deyil. Hal-hazırda kriminal Qarabağ klanı, radikal daşnak millətçiləri maksimum çalışırlar ki, Paşinyanı hakimiyyədən devirsinlər. Heç şübhəsiz, həmin radikal qüvvələr xarici güclər tərəfindən stimullaşdırılır. Mümkündür ki, Ermənistan növbəti təxribatlara əl atsın. Hər bir halda, Biz hazır olmalıyıq.  

- Ermənistanın daxilində də müəyyən aksiyalar təşkil olunur. Bu aksiyaların proseslərə nə dərəcədə təsiri var?

- Aksiyalar təxminən 10 gündən artıqdır davam edir. Müşahidələr göstərir ki, aksiyanı təşkil edən siyasi qüvvələr Ermənistan cəmiyyətində dəstək qazanmır. Uzun illər hakimiyyətdə olmuş Qarabağ klanı Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin bilavasitə günahkarıdır. Məhz onların korrupsiyayönümlü fəaliyyətləri, cinayətkar əməlləri Ermənistanı belə bir kasıb duruma salıb. Ordu nə vəziyyətdədir? Cənab Prezident yaxşı bir ifadə söylədi ki, biz Paşinyanın yox,  Köçaryanla, Sərkisyanın ordusunu məhv etmişik. Ermənistan cəmiyyətində çox ciddi təbəqələşmə var. Bir qrup oğru fantastik dərəcədə varlanıb, amma cəmiyyətin 90 faizi səfalət içərisindədir. Ona görə də Ermənistan cəmiyyəti onlara dəstək vermir.

- Paşinyanın əvvəlki, revanşist qüvvələr tərəfindən devrilməsini mümkün sayırsızmı?

- Ermənistanda hazırda Paşinyanı sivil, seçki yolu ilə devirə biləcək siyasi qüvvə yoxdur. Amma Ermənistan tarixində kifayət qədər terror hadisələri olub. Ermənistan müxalifəti başa düşür ki, hakimiyyətin terror yolu ilə dəyişdirilməsi, onların sonunu gətirə bilər. Ona görə burda da çox ehtiyatlı davranırlar.  

- Sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradılıb, ilk görüş keçirilib. Siz Azərbaycan-Ermənistan sərhədlərinin yaxın vaxtlarda müəyyən edilə biləcəyinə inanırsınız?  

- Sərhədlərin delimitasiyası üzrə komisyanın yaradılması hər iki tərəfdən olduqca müsbət haldır. Brüssel görüşündə qərar qəbul edilib. Növbəti görüş iyul, avqust aylarında keçiriləcək. Delimitasiya uzun, vaxt aparan prosesdir. Rusiya-Azərbaycan sərhədləri ilə bağlı proseslər başa çatıb, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası işləri isə, hələ də müzakirə edilir. Paşinyan istəsə, yaxud təzyiqlərə tap gətirə bilsə, prosesi sürətləndirə bilər. Burda yanaşma necə olmalıdır? İlk növbədə hər iki dövlət mübahisəsiz ərazilərdən başlamalıdır. Onlarla bağlı razılıq protokolları dərhal imzalanmalıdır. işlənilməlidir. Mübahisəli sahələr üzrə isə, hər iki tərəfin qəbul etdiyi xəritələr üzərində dəqiqləşdirmələr aparılmalıdır. Hesab edirəm ki, Ermənistanla sərhədlərin 85-90 faizi mübahisə doğurmur. Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi, qeyd-şərtsiz Azərbaycana qaytarılmalı, Zəngəzur, Göyçə mahalına aid bəzi ərazilər isə, müzakirə predmeti ola bilər.

- Cənab Prezident bu görüşlərin fonunda Zəngəzur dəhlizi ilə bağlı xoş müjdəli bir informasiya verdi. Belə məlum olur ki, dəhlizin açılması yaxın zamanda real görünür. Təbii ki, bu geniş infrastruktur layihəsi olan Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr də var. Bunların fonunda bizim Şimal qonuşumuz Rusiya və İranın mövqeylərini necə dəyərləndirirsiz?

- Səmimi deyəcəm, Rusiya Zəngəzur dəhlizinin açılmasında əvvəldən maraqlıdır. Bu dəhlizin Rusiyaya hər hansı mənfi təsiri olmayacaq. Əksinə Rusiyanın özünə də sərfəlidi. Ancaq Cənub qonşumuz haqqında bunu deyə bilmərəm. İlk gündən Cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasına çox ciddi təpki göstərib və o ənənəvi siyasət davam etdirir. Baxmayaraq ki, İranın ərazisindən keçməklə yeni dəmiryolu və avtomobil yollarının inşası nəzərdə tutulub və İranla qarşılıqlı razılaşma əldə olunub. İrana bu variant daha çox sərf edir. Ancaq İran başa düşməlidir ki, yeni açılacaq Zəngəzur dəhlizi, dəmiryolu və avtomobil yollarının İran ərazisindən keçən marşruta rəqabət deyil. Bunlar paralel şəkildə istifadə olunacaq. Yəni bura da İranın hər hansı bir təşvişinə gərək yoxdur.  

- İran nə üçün Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil?

-Dəhlizin açılması heç bir halda İranın təhlükəsizliyinə təhdid ola bilməz. İranın xarici siyasəti bu mənada anlaşılan deyil və normal məntiqə sığmır. Azərbaycan 30 illik müstəqillik dövründə dəfələrlə sübut etdi ki, öz ərazisindən İrana cüzi də olsa heç bir təhlükə ola bilməz. Yəni Azərbaycan heç zaman imkan verməyib ki, üçüncü, dördüncü dövlətlərə öz ərazisindən İrana yönəlik təhlükə yaransın. Ancaq, təəssüflər olsun ki, İranın zaman-zaman müəyyən addımları müstəqil Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilib.  İran prezidentinin “Azərbaycanın təhlükəsizliyi İrandan aslıdır” bəyanatını qəbul etmək üçün, yumşaq desək, güclü yumor hissinə malik olmalısan. Azərbaycan xalqı kifayət qədər zəngin tarixə, mədəniyyətə malik bir xalqdır. Heç kəs Azərbaycanı məcbur edə bilməz ki, yeni texnologiyanın, inkişafın, mədəniyyətin, insan hüquq və azadlıqlarının qorunduğu sivil dünyanın yanında yox, 21-ci əsrdə fərqli düşüncələrinə görə, küçənin ortasında insanları avtokrandan asanların yanında olsun. Azərbaycana din pərdəsi altında çoxlu molla, narkotik ixrac edilməsi, dövlət televiziya kanalları, mətbuat vasitəsilə Azərbaycan dövlətinə sistemli böhtanların yağdırılması, qonşuluq münasibətləri, islam mədəniyyəti ilə bir araya sığmır. Bunu xalqa necə izah edə bilərsən? Açıq şəkildə bunu demək lazımdır. Bir daha qeyd edirəm ki, Azərbaycan 30 il ərzində İrana dostluq münasibətini göstərib və bu gələcəkdə də belə olacaq. Ancaq sən də zəhmət çək Azərbaycanın hüquqlarına, dövlət maraqlarına hörmətlə yanaş.

- Siz Azərbaycanın bundan sonra Ermənistanla siyasətinin necə qurulmasının tərəfdarısınız?

-Azərbaycanın Ermənistanla münasibətləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, qarşılıqlı şəkildə dövlətlərin suveren hüquqlarına hörmət şəklində qurulmalıdır. Konkret olaraq, Azərbaycanın irəli sürdüyü və Ermənistanın qəbul etdiyi 5 şərtin yerinə yetirilməsini beynəlxalq təşkilatlardan tələb etməli, icrasına nail olmalıyıq.

Ədil Ədilzadə