Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi 

Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılan 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Şanlı Zəfər tariximizin ən parlaq səhifələrindən biridir. Şəhidlərin xatirəsinin anılması və onların ailələrinə göstərilən diqqət tədbirlərinin davamı olaraq, Zaqatala rayonunun Qımır və Bazar kəndlərində Vətən Müharibəsi şəhidləri İsrafilov Abdurrahman, Murtuzəliyev Xəqani və Hacıyev Sayadın anım mərasimləri keçirilib.

Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərdə millət vəkili Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov, şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar. Tədbirdə çıxış edənlər şəhidlərimizin döyüş yolundan, göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan danışıblar. Daha sonra çıxış edən millət vəkili Asif Əsgərov qeyd edib ki, Azərbaycanın bu gün qazandığı Qələbə, dövlətimizin gücü və xalqımızın birliyi şəhidlərimizin fədakarlığı üzərində qurulub.

O bildirib ki, hər birimizin ürəyində şəhidlərimizə sonsuz minnətdarlıq hissi var, onların ailələrinə diqqət və qayğı göstərmək isə sadəcə bir vətəndaş borcu deyil, müqəddəs mənəvi öhdəlikdir. Tədbirin sonunda şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, dövlətimizin şəhid ailələrinə və qazilərə olan davamlı qayğısı bu müqəddəs amal uğrunda canından keçən igidlərimizin xatirəsinə verilən ən böyük dəyərin göstəricisidir.